Son günlər universitetlərin yerləşdiyi ərazilərdə müşahidə olunan nəqliyyat sıxlığı tələbələrin və əməkdaşların təhsil müəssisələrinə gediş-gəlişini çətinləşdirir. Xüsusilə dərslərin eyni saatlarda başlayıb başa çatması şəhərin əsas istiqamətlərində nəqliyyat yükünü daha da artırır.
Bəs yaranmış vəziyyət fonunda universitetlərdə müəyyən günlərdə hibrid və ya onlayn təhsil modelinə keçid gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, universitetlərin ətrafındakı nəqliyyat sıxlığına yalnız nəqliyyat problemi kimi yanaşmaq düzgün deyil.

Ekspertin sözlərinə görə, məsələ tədrisin təşkili baxımından da nəzərdən keçirilməlidir:
“Son günlər universitetlərin ətrafında müşahidə olunan nəqliyyat sıxlığına yalnız nəqliyyat problemi kimi deyil, tədrisin təşkili baxımından da yanaşmaq olar. Ancaq sırf tıxacları azaltmaq məqsədilə universitetlərin müəyyən günlərdə tamamilə onlayn təhsilə keçirilməsini optimal həll hesab etmirəm. Tədris formatının müəyyənləşdirilməsində əsas meyar ilk növbədə təhsilin keyfiyyəti olmalıdır”.
Etibar Vəzirov qeyd edib ki, universitetlər hibrid modelin imkanlarından daha çevik şəkildə yararlana bilərlər. Onun fikrincə, tələbənin fiziki iştirakını zəruri etməyən bəzi nəzəri mühazirələrin müəyyən günlərdə onlayn keçirilməsi mümkündür. Seminar, laboratoriya, praktiki məşğələ və aktiv müzakirə tələb edən dərslərin isə əyani formada saxlanılması daha məqsədəuyğun yanaşma ola bilər.
Ekspert hesab edir ki, belə yanaşma universitetlərdə gündəlik insan axınının müəyyən qədər azalmasına, eyni zamanda tədrisin keyfiyyətinin qorunmasına şərait yarada bilər.
Vəzirov digər vacib məqamın dərs saatlarının tənzimlənməsi olduğunu vurğulayıb:
“Müxtəlif universitetlərdə minlərlə tələbənin eyni vaxtda dərsə başlayıb eyni vaxtda çıxması şəhərin müəyyən ərazilərində əlavə sıxlıq yaradır. Universitetlər üzrə dərslərin başlanma və bitmə saatlarının müəyyən qədər fərqləndirilməsi də pik saatlarda nəqliyyat yükünün bölüşdürülməsinə kömək edə bilər”.
Ekspertin fikrincə, problemin həllini yalnız “əyani, yoxsa onlayn?” seçimi ilə məhdudlaşdırmaq doğru deyil. Hibrid təhsil məqsəd deyil, düzgün planlaşdırıldığı halda həm təhsilin keyfiyyətini qorumağa, həm də şəhərin nəqliyyat reallıqlarına daha çevik uyğunlaşmağa imkan verən vasitələrdən biridir.
Aynurə İsmayıl
KONKRET.az