Qumar oyunlarının təşkili və ya keçirilməsi üçün yerin virtual formada, o cümlədən sosial şəbəkə platformaları və digər elektron vasitələrdən istifadə etməklə təşkilinə görə cəzalar sərtləşdirilir.
KONKRET.az xəbər verir ki, bu dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan düzəlişlərdə öz əksini tapıb.
Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yerin təşkili və ya saxlanması təkrar olaraq virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial şəbəkə platformaları, digər elektron rabitə vasitələri, eləcə də internet və mobil telekommunikasiya tətbiqləri və ya digər texnologiyalara əsaslanan platformalar vasitəsilə törədildikdə, bu əmələ görə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə, iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edilib ki, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, analoji əməllər on min manatdan on beş min manatadək cərimə və ya iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ildən üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni zamanda, layihədə yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına şərait yaradılması ilə bağlı cəzaların da sərtləşdirilməsi nəzərdə tutulur.
Belə ki, həmin əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə və iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Mövcud qanunvericiliyə görə isə bu əmələ görə 10 min manatdan 15 min manatadək cərimə və ya iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ildən üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
