SÜLH bizə SƏRF eləmir? – AÇIQ SÖHBƏTbackend

SÜLH bizə SƏRF eləmir? - AÇIQ SÖHBƏT

Ermənistan XİN: “Yeni gərginliyin baş verməsi ehtimalı yüksək olaraq qalmaqdadır”.

Əslində ermənilər bunu Azərbaycana hücum anonsu kimi demirlər. Sadəcə olaraq, belə bəyanatlarla mərhəmət sorağındadırlar. Bu yolla Rusiya və İrandan silah yardımı, Qərbdən isə maliyyə dəstəyi alırlar. “Azərbaycan hücum edə bilər” bəhanəsilə yeni gərginliyə hazırlıq gedir.

KONKRET.az xəbər verir ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlarla Ermənistanın barışmaq fikri yoxdur. Buna görə İrəvan mövcud reallığı pozmaq istəyən Kreml və Tehrana şirə verməklə məşğuldur.

Rus ilə fars isə Turan zəncirinin Cənubi Qafqazda birləşməsini istəmir. Buna görə də, regiondakı stabillik dalğalı suda yellənən qayığa oxşayır. Rusiya və İranın situasiyanı dolaşığa salmaq həmlələri artıq oturuşub:

1. Rusiya Qarabağın dağlıq hissəsində möhkəmlənməkdə və Ermənistan-Azərbaycan sülh prosesini nəzarətə götürməkdədir:
a) “arsax”a göndərilən Ruben Vardanyan Putinin oliqarx çevrəsindəndir. Kreml qondarma rejimi dəstəkləməklə yanaşı, Qarabağdakı rus kontingentinin də sayını artırır.
b) ruslar Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin Qərb variantını pozmağa yaxındır. Putinin bu planı Soçidə alınmasa da, Moskvada yenə cəhd edəcək.
2. İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla Azərbaycana hədə xarakterli mesajlar da ötürür:
a) farslar türk dünyasını birləşdirəcək koridora qarşıdır. İlk növbədə ona görə ki, İran-Turan müharibələrinin xofu canlarından çıxmayıb. İkincisi, Tehran onunla sərhəddə açılan dəhlizdə pay sahibi olmaq istəyir. Yəni Rusiyanın nəzarətində olacaq Azərbaycan-Ermənistan-Türkiyə marşrutuna təsir gücünə sahib olmaq niyyətindədir. Hazırda isə oyundan kənar vəziyyətdədir və hələ də farsların koridorda pay sahibi olması razılaşdırılmayıb.
b) farsların Bakıya ünvanladığı təhdid ismarıcları həm bununla bağlıdır, həm də Tehran Azərbaycandakı agenturasının tam məhv ediləcəyi ilə razılaşmır.

Sülh bizə sərf eləmir?

İndiki şəraitdə sülh həm bizə, həm də Ermənistana sərf eləmir:

• 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə Rusiya həm qondarma rejimin ömrünü 5 illik uzatdı, həm də özünün Qarabağa müvəqqəti yerləşməsini təmin etdi. Moskvanın ev sahibliyi edəcəyi sülh müqaviləsinin əsas bazası da elə üçtərəfli bəyanatlar olacaq. Əgər Putin istədiyi imzalanmaya nail olsa, Rusiyanın Qarabağdakı mövcudluğu müddətsizləşəcək. Xankəndinin də Azərbaycan qanunvericiliyinə keçidi sual altında qalacaq. Praqadakı görüşdə ərazi bütövlüyü tanınırdı, sülhün Ağ Ev versiyasında Qarabağ Azərbaycan ərazisi kimi göstərilirdi deyə Rusiyanın Soçi saçyoldusu başladı. Bəli, onlar Cənubi Qafqazdakı mövcudluqlarını Gümrü ilə məhdudlaşdırmaq istəmirlər. Putinfason sülhün bağlanması ilə Zəngəzur dəhlizinin açılışı da nəzərdə tutulub. Yəni Azərbaycanın aktual tələblərindən biri yerinə yetiriləcək. Lakin əsas tələb ərazi bütövlüyünün tanınmasıdır ki, burda əmma yaranır. Ona görə də sülhün ehtimal etdiyimiz Kreml variantı bizə sərf eləmir. Çünki Kremlin SSRİ-dəki münaqişə ocağı xəritəsini cırmaq lazımdır.

• İndiki Ermənistan SSRİ halına yaxındır. Ölkə MDB üzvü olmaqla yanaşı, Avrasiya İqtisadi Birliyi və KTMT-yə daxildir. Hər 3 təşkilatın kuratoru Rusiyadır. Yəni Ermənistanın xarici əlaqələri, iqtisadiyyat və ordusu Kremlin nəzarətindədir. Paşinyan isə bu cəncəldən çıxmaq istəyir. Hər halda Qərbin onun qarşısında qoyduğu ilk tələb budur. Qərbli yeni siyasət, sağlam iqtisadiyyat və orduya sahib olmağın yolu isə Asiya ilə Avropanı birləşdirəcək Zəngəzur dəhlizidir. Bunun üçün isə Bakı ilə sülhə nail olmaq lazımdır. İrəvan bu sülhü istəyir, di gəl ki Rusiyasız sülhə nail olmaq niyyətindədir. Çünki Kremlin vasitəçiliyi ilə sülh Metsamor AES-i, Ermənistan dəmiryol və sərhədlərini, Gümrü hərbi bazasını, “arsax” adlı Qarabağ klanını, hətta ermənilərin aldığı nəfəsi də rusun əlində saxlayacaq. O isə hakimiyyətə buna görə gətirilməyib, ermənilər onu Rusiya vassalı qalmaq üçün seçməyiblər. Belə deyək, Rusiyanın Qarabağ sülhü Ermənistana da sərf eləmir. Dekabrın 9-u Nikolun Putini gözlətməsi, istəmədən görüşməsi bütün bunların təsdiqidir.

Qərbin Rusiyanı çökdürmək planı baş tutarsa, Fransanın əl-ayağı yığılarsa, bəli, tərəflər üçün ideal sülhə ümid etmək olar.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*