“Ermənistanda bu ilin sonuna qədər Konstitusiyaya dəyişikliklərin edilməsi real görünmür. Konstitusiyaya dəyişikliklərin edilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov səsləndirib.

Rəsmi Bakı birmənalı şəkildə bəyan edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması real deyil. Bu səbəbdən Konstitusiya islahatı sülh prosesinə birbaşa təsir edən əsas amillərdən biridir”.
O. Qasımov qeyd edib ki, Ermənistanda keçirilən parlament seçkiləri də cəmiyyətdə revanşist qüvvələrin kifayət qədər təsirə malik olduğunu göstərdi.
“Revanşist mövqedən çıxış edən siyasi qüvvələrin parlamentdə təmsil olunması bunun bariz nümunəsidir. Bu isə Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsi prosesini daha da çətinləşdirir”, – o, bildirib.
Siyasi şərhçinin sözlərinə görə, ilin sonuna qədər Konstitusiyaya dəyişikliklərin edilməsini mümkünsüz edən iki əsas səbəb var:
“Birinci səbəb Ermənistandakı daxili siyasi vəziyyətdir. Mövcud siyasi şərait belə mühüm konstitusiya islahatının həyata keçirilməsi üçün hələ tam uyğun deyil. İkinci səbəb isə ölkənin qanunvericiliyi ilə bağlıdır. Ermənistan qanunlarına əsasən, referendumun keçirilməsi parlament seçkilərindən ən azı altı ay sonra mümkündür. Bu isə o deməkdir ki, ilin sonuna qədər ən yaxşı halda referendumun keçirilməsi ilə bağlı qərar qəbul oluna bilər. Lakin vaxtın məhdud olması nəzərə alınarsa, bunun reallaşması inandırıcı görünmür.
İstər Ermənistan daxilində müşahidə olunan siyasi vəziyyət, istərsə də beynəlxalq səviyyədə səsləndirilən qiymətləndirmələr göstərir ki, bu ilin sonuna qədər Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi real görünmür”.
Müşviq Tofiqoğlu
KONKRET.az
