Sülh sazişinin taleyi bundan asılıdır – Politoloqdan İrəvana İŞARƏbackend

Sülh sazişinin taleyi bundan asılıdır – Politoloqdan İrəvana İŞARƏ

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, prosesin nə vaxt yekunlaşacağı hələ də müzakirə mövzusudur. Xüsusilə Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum məsələsi sazişin imzalanma tarixinin müəyyənləşməsində əsas amillərdən biri kimi qiymətləndirilir.

Bəs Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonunadək imzalanması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması bütövlükdə Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu məsələ Ermənistan üçün daha həyati xarakter daşıyır.

Paşinyan 'Real Ermənistan' konsepsiyası ilə konstitusiya islahatlarına  hazırlaşır"

Politoloq qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşaraq Avropa və Qərbə yaxınlaşmağa çalışır və bunun fonunda Rusiya tərəfindən müxtəlif iqtisadi təzyiqlərlə üzləşir. Bu baxımdan Ermənistanın alternativ iqtisadi əməkdaşlıq istiqamətlərinə və yeni ixrac bazarlarına ehtiyacı yaranır:

“Bu isə yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması şəraitində mümkün ola bilər. Azərbaycanla yekun sülh sazişinin imzalanacağı təqdirdə Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına nail olacaq. Bu, Ermənistan üçün yeni nəfəsliyin yaranması deməkdir”.

Onun fikrincə, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin qurulması Ermənistan üçün Rusiyaya alternativ istiqamətlər formalaşdıra bilər. Buna görə də hazırda yekun sülh sazişinin imzalanması Ermənistan baxımından xüsusi əhəmiyyət daşıyır.

Elçin Xalidbəyli sülh sazişinin imzalanması qarşısında əsas məsələlərdən birinin Ermənistan Konstitusiyası ilə bağlı olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların aradan qaldırılmasını tələb edir:

“Rəsmi İrəvan da bu istiqamətdə öhdəlik götürüb və problemi həll etməyə çalışır. Lakin hələlik Paşinyan hakimiyyəti buna nail olmayıb. Əgər yaxın aylarda Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilsə və həmin sənəddən Azərbaycana qarşı ərazi iddiası anlamı daşıyan müddəalar çıxarılsa, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün əsas maneələrdən biri aradan qalxacaq”.

Politoloqun sözlərinə görə, bu prosesin nə vaxt baş tutacağından asılı olaraq sülh sazişinin imzalanmasının vaxtını da təxmin etmək mümkün olacaq.

“Böyük ehtimalla Ermənistan bu məsələni ilin sonuna qədər həll edə bilməyəcək. Bu da o deməkdir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bu ilin sonuna qədər imzalanması mümkün görünmür. Ona görə də ilk növbədə Ermənistanda Konstitusiya ilə bağlı referendumun keçirilib-keçirilməyəcəyinə və bunun hansı tarixdə baş tutacağına diqqət yetirmək lazımdır. Əgər referendumun keçirilməsi ilə bağlı konkret tarix müəyyənləşsə, yekun sülh sazişinin nə vaxt imzalana biləcəyini də daha dəqiq təxmin etmək mümkün olacaq”, – deyə politoloq əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*