Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqəsi əldə etmək istəyənlər üçün tətbiq edilən yeniliklər açıqlanıb. Artıq praktik sürücülük imtahanında – el arasında “yezda” kimi tanınan mərhələdə, namizədlərin hərəkətləri müəllimlər tərəfindən deyil, xüsusi texniki vasitələrlə qiymətləndiriləcək.
Məlumata görə, meydançadakı təlim avtomobillərinə quraşdırılan xüsusi detektorlar və GPS avadanlıqları sürücünün hərəkət sürətini, istiqaməti və təyin olunmuş marşrut üzrə düzgün hərəkət edib-etmədiyini avtomatik olaraq qeydə alır və qiymətləndirir. Beləliklə, qiymətləndirmə tam avtomatlaşdırılmış rejimdə aparılacaq və insan müdaxiləsi minimuma endiriləcək. Bəs, gələcəkdə tam simulyatorlar və ya süni intellekt əsaslı imtahan sistemlərinə keçid mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu sistem uzun müddətdir hazırlanırdı və artıq bütün qeydiyyat-imtahan məntəqələrində tətbiqi nəzərdə tutulur:
“Bu konsept uzun müddətdir gündəmdə idi. Təlim avtomobillərinə GPS avadanlıqları quraşdırılıb və onlar sürətin, istiqamətin, marşrutun plan üzrə yerinə yetirilməsini qeydə alır. Əvvəllər bunu müəllim edirdisə, müxtəlif səbəblərdən obyektivlik pozula bilirdi. İndi isə proses avtomatik rejimdə həyata keçiriləcək”, – ekspert qeyd edib.
Yasin Mustafayev gələcəkdə daha irəli texnologiyalara keçidin də mümkün olduğunu istisna etmir:
“Tam simulyatorlara və süni intellekt əsaslı imtahan sistemlərinə keçid real perspektivdir. Dünyada bu istiqamətdə təcrübələr mövcuddur və Azərbaycan da mərhələli şəkildə həmin texnologiyalara uyğunlaşa bilər”, – o, deyib.
Qeyd edək ki, yeni sistemin məqsədi imtahan prosesində şəffaflığı artırmaq və sürücülərin bilik və bacarıqlarını daha obyektiv şəkildə ölçməkdir.
Aynurə İsmayıl
KONKRET.az
