“Suyun duzsuzlaşdırılması ilə bağlı layihə həyata keçiriləcək” –  ETSN rəsmisibackend

“Suyun duzsuzlaşdırılması ilə bağlı layihə həyata keçiriləcək” - ETSN rəsmisi

“Hazırda səhralaşmaya həssas və səhralaşmaya məruz qalmış ərazilərin xəritələşdirilməsi ilə bağlı ilkin işlər aparılır”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

“İqlim dəyişikliklərinin mənfi təsirləri nəticəsində su ehtiyatlarının azaldığı bir vaxtda ölkəmizin hansı əraziləri səhralaşma təhlükəsi ilə üzləşə bilər?”, “Bunun qarşısının alınması üçün indidən hansı ciddi tədbirlər görülür?” suallarını cavablandıran Faiq Mütəllimov bildirib ki, su ilə bağlı yeni strategiya hazırlanıb, orta və uzunmüddətli hədəflər müəyyənləşdirilib.

O xatırladıb ki, Azərbaycandakı su ehtiyatları, əsasən, qonşu ölkələrdə formalaşır:

“Yuxarı və aşağı axın əraziləri var. Yuxarı axında bu problem daha azdır. Əsas məsələ odur ki, biz su ehtiyatlarından düzgün idarə etməliyik. Su ehtiyatlarının azalmasını müşahidə edirik. Hətta 2020-ci il vəziyyət kritik həddə yaxınlaşmışdı. Çünki yağıntıların intensivliyi dəyişib. Əvvəllər ay ərzində olan yağıntı norması daxili suların və çayların formalaşdırılmasına gətirib çıxarırdı. Günlük yağıntılar daşqınlar, sellər törədirdi, ətraf mühitə təsirini göstərirdi”.

Şöbə müdiri nəzərə çatdırıb ki, hazırda su ehtiyatları ilə bağlı xüsusi komissiya yaradılıb:

“Bütün müvafiq qurumlar bu məsələ ilə bağlı müzakirələr aparır. Eyni zamanda səhralaşma problemi ilə bağlı çox məsələlər 2019–2020-ci illər üzrə tədbirlər planında yer alıb”.

Abşeron yarımadasının demək olar su mənbəyinin olmadığını vurğulayan ekspert bildirib ki, hazırda suyun duzsuzlaşdırılması ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrası başlanılmalı olan tender proseduru ilə gerçəkləşdiriləcək. “Sumqayıtda günlük 300 min kub gücə malik duzsuzlaşdırma zavodu qurulacaq. Bununla bağlı artıq təkliflər hazırlanır. Bu ilin sonuna tenderin qalibi olan və özəl investisiya yatıracaq şirkət məlum olacaq. Abşeron yarımadasının özündə su ehtiyatları yaratmaqla indiyədək uzaq məsafədən gətirilən su mənbələrinin də balanslaşdırılmasına və həmin ərazilərin özünün həmin su mənbələrindən istifadəsinə nail olacağıq”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*