Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.
KONKRET.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktı elan edib.
Hakim İ.Səfərəliyevin ittiham olunduğu maddələrin sübuta yətiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.
İntiqam Səfərəliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib.
Məhkəmə İntiqam Səfərəliyevə sərbəst ifadə vermək təklif etsə də, təqsirləndirilən şəxs indiki mərhələdə bundan imtina edib.
Vəsatət təmin olunub. Növbəti proses mayın 15-də davam edəcək.
Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Onu da qeyd edək ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.
Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.
Xatırladaq ki, ötən prosesdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərar verərək o iclas zalından azadlığa buraxılıb.
