Ermənistanın hakim partiyası ombudsmanı dəyişdirmək istəyir.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Arman Tatoyan Ağdağa nəzarətin Azərbaycana keçdiyini fəryadla bəyan edərək ictimaiyyətin fikrini hökumətə qarşı yönəldib. Tatoyanın məlum bəyanatına Ermənistan Müdafiə Nazirliyi təkzib verib. Bundan sonra ombudsman Müdafiə Nazirliyinin oktyabrın 19-da yaydığı bəyanata münasibət bildirərək, öz sözlərini təsdiq edən videonu Facebook-da yerləşdirib.
“Biz heç vaxt yalan məlumat dərc etmirik”, – deyə ombudsman Ermənistan Müdafiə Nazirliyinə cavab verib.
Tatoyan qeyd edib ki, bu bəyanatdan sonra Təhlükəsizlik Şurasının katibinin də qatıldığı onu gözdən salmaq üçün bir kampaniya başladılıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi ombudsmanı qərəzli hesab edir. Armen Qriqoryan RUSARMİNFO-ya müsahibəsində xatırladıb ki, Arman Tatoyanın səlahiyyət müddəti başa çatmaq üzrədir və “Mülki müqavilə” hüquq müdafiəçisi vəzifəsinə yeni namizəd irəli sürəcək.
Qeyd edək ki, Ermənistanın ombudsmanı fiziki şəxslər arasında ən yüksək reytinqə malikdir. Arman Tatoyanla 2021-ci ilin martında hökumət arasında münaqişə yaşanıb və onu daha görüşlərə dəvət etməməyə qərar veriblər.
Xuraman Etibarlı
KONKRET.az
