TƏBİB-dən insanın sağlam girib xəstə çıxdığı poliklinikanın aqibəti ilə bağlı AÇIQLAMA – FOTOLARbackend

TƏBİB-dən insanın sağlam girib xəstə çıxdığı poliklinikanın aqibəti ilə bağlı AÇIQLAMA - FOTOLAR

Azərbaycanda antisanitar şəraitin hökm sürdüyü, ciddi təmirə ehtiyac duyulduğu xeyli sayda dövlət səhiyyə müəssisəsinin mövcudluğu heç kimə sirr deyil. Doğrudur, dövlət tərəfindən zamanla bir çox xəstəxanalar təmir edilib və müasir avadanlıqlarla təmin olunaraq istifadəyə verilb. Lakin hələ də bərbad halda olan tibb müəssisələrinə rast gəlinir. Həmin xəstəxanalara sağlam girən insanın oradan xəstə halda çıxacağını tam əminliklə söyləmək mümkündür. Sınıq-sökük qapıları, təmirsiz otaqları, dağılmış tavanı ilə xəstəxanadan daha çox tövləni xatırladan “tibb müəssisələri”ndən biri də Xırdalan şəhərində yerləşən poliklinikadır. Sosial şəbəkələrdə yayılan fotolara baxdıqda həmin poliklinikada xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsinin mümkün olmadığı anlaşılır. Bir sözlə, xəstəxana müharibədən çıxmış müəssisəni xatırladır. 21-ci əsrdə, özü də paytaxtdan cəmi 15 dəqiqəlik məsafədə yerləşən Xırdalan şəhərindəki poliklinikanın  bərbad vəziyyəti ilə bağlı TƏBİB-ə müraciət ünvanladıq. 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova KONKRET.az-a açıqlamasında bildirib ki, sözügedən tibb müəssisəsi Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Uşaq Poliklinikasıdır: “Bu müəssisə 1990-cı ildə istifadəyə verilib. Poliklinikanın bir hissəsi 2012-2013-cü illərdə təmir edilib. Poliklinika 2021-ci ildən ailə sağlamlıq mərkəzlərinin yaradılması ilə Xırdalan Ailə Sağlamlıq Mərkəzinə birləşdirilib. Müəssisədə texniki otaq çatışmazlığına görə müvəqqəti olaraq burada bir müddət endokrinoloqlar, ftiziatr və psixiatr fəaliyyətini davam etdirib. Hazırda qeyd olunan çatışmazlıq aradan qaldırılıb. Sözügedən binanın istifadəsi isə dayandırılıb”.

Ümid edirik ki, insanların sağlamlığının keşiyində duran həkimlərimizin normal şəraitdə fəaliyyət göstərmələri üçün yaradılan yüksək şərait fonunda, görülən işlərə kölgə salan bu cür tibb müəssisələrinin işinə icazə verilməyəcək. Belə poliklinikaların əsaslı təmir olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən lazımi addımlar bundan sonra da atılacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*