Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşmalar gündəmə gəlib.
Bəs qadınların 6 aylıq müddətə hərbi xidmət keçməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qadınların hərbi xidmətə qəbulunda 6 aylıq ilkin müddətin nəzərdə tutulması onların xidmətə uyğunlaşma imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətlidir.

Ekspertin sözlərinə görə, əvvəllər qadınlar əsasən bağlaşma əsasında hərbi xidmətə qəbul edilirdilər:
“Bu məsələ uzun müddətdir müzakirə olunur. Müddətin 6 aya salınmasında əsas məqsəd qadınların hərbi xidmət şəraitinə uyğunlaşıb-uyğunlaşmadığını müəyyənləşdirməkdir. Çünki bəzi hallarda hərbi xidmətə başlayan xanımlar xidmət şərtlərinə uyğunlaşa bilmir və seçdikləri peşədə özlərini görmürlər. Nəticədə xidmət onlar üçün müəyyən çətinliklər yaradır”.
Ü. Cəfərov qeyd edib ki, həmin 6 aylıq müddət ərzində hərbi qulluqçunun xidmətə münasibəti, adaptasiyası və fəaliyyət göstəriciləri nəzərə alınır:
“Əgər xanım bu 6 aylıq müddətdə xidmətə uyğunlaşa bilirsə, hərbi xidmət ona uyğundursa, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirsə, əlbəttə, həmin müddət sonradan komandanlıq tərəfindən uzadıla bilər”.
Hərbi ekspert bildirib ki, belə yanaşma uzunmüddətli müqavilə bağlanmazdan əvvəl həm hərbi qulluqçu, həm də xidmət etdiyi hərbi hissə üçün müəyyən üstünlüklər yaradır.
“Çünki bağlaşma, məsələn, 3 illik müqavilə əsasında həyata keçirilir. Bu halda sonradan xidmətə uyğunlaşa bilməyən şəxslə bağlı həm hərbi hissə, həm birləşmə, həm də onun xidmət keçdiyi idarə və müəssisə üçün əlavə çətinliklər yarana bilər. 6 aylıq müddətin nəzərdə tutulması məhz bu kimi halların qarşısını almaq məqsədi daşıyır”.
Ekspertin fikrincə, bu yanaşma hərbi xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına da müsbət təsir göstərə bilər.
“Bu, mənə görə, normal yanaşmadır. Eyni zamanda hərbi xidmətin keyfiyyətinin artmasına səbəb ola bilər”, – deyə Üzeyir Cəfərov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
