Rusiyanın Berlindəki səfirliyi bəyan edib ki, Almaniyada Rusiyaya qarşı yönəldilə bilən uzaqmənzilli zərbə sistemləri yerləşdirilərsə, onların dislokasiya məntəqələri Moskva tərəfindən qanuni hərbi hədəf kimi nəzərdən keçiriləcək.
KONKRET.az xəbər verir ki, diplomatik nümayəndəlikdə bildirilib ki, Almaniyanın uzaqmənzilli yüksək dəqiqlikli raket və pilotsuz sistemlərə malik olmaq planlarını tənqid edənlərin xəbərdarlıqları əsaslıdır.
Rusiyanın mövqeyinə görə, bu cür silahların Almaniya ərazisində yerləşdirilməsi təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Almaniya uzaqmənzilli silah arsenalını genişləndirmək niyyətindədir.
Məlumatlara görə, Berlin bunun üçün təxminən 12 milyard avro ayırmağı planlaşdırır və ilk sistemlərin 2027-ci ildən etibarən əldə edilməsi nəzərdə tutulur.
Moskva ilə Berlin arasında münasibətlər son dövrdə daha da gərginləşib. Tərəflər arasında diplomatik qarşıdurma fonunda Almaniya Rusiyaya qarşı təhlükəsizlik tədbirlərini sərtləşdirib, Moskva isə buna cavab addımları atıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
