ABŞ İranla ikitərəfli iqtisadi münasibətlərin normallaşdırılmasını nəzərdə tutan genişmiqyaslı razılaşma təklif edir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlama verib.
Onun sözlərinə görə, Donald Tramp “böyük razılaşma” əldə etməyə çalışır:
“Trampın İrana təklifi əslində çox sadədir. Açığını desək, indiyədək heç bir ABŞ prezidenti belə bir fürsətə sahib olmayıb. O bildirib ki, əgər İran rəhbərliyi normal dövlət kimi davranmağa razıdırsa, bu zaman ABŞ Tehranla iqtisadi sahədə normal ölkə kimi münasibət qurmağa hazırdır.
Vens bu fikirləri Corciya Ştat Universitetində keçirilən forumda səsləndirib.
O qeyd edib ki, Vaşinqton “böyük razılaşma” çərçivəsində İranın rifahını artırmaq və onu qlobal iqtisadi sistemə inteqrasiya etmək niyyətindədir. Vensin sözlərinə görə, bu cür yanaşma onilliklərdir tətbiq olunmurdu.
Vitse-prezident əlavə edib ki, uzun illər davam edən qarşılıqlı etimadsızlığa baxmayaraq, həm ABŞ, həm də İran razılaşmaya hazır görünür.
O həmçinin bildirib ki, Tramp ABŞ nümayəndə heyətinə danışıqları səmimi və konstruktiv şəkildə aparmağı tapşırıb. Danışıqlar davam edəcək, lakin tərəflər arasındakı fikir ayrılıqlarını qısa müddətdə aradan qaldırmaq mümkün deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
