Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan azyaşlını yolda köməksiz vəziyyətdə qoyması ilə bağlı iddia yayılıb.
KONKRET.az xəbər verir ki, iddialara görə, Tovuz rayon sakini olan azyaşlı ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, uşağın səhhəti daha da pisləşib və onun Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi qərara alınıb.
Bu məqsədlə azyaşlı təcili tibbi yardım briqadası vasitəsilə Bakıya yola salınıb. Lakin yol boyu uşağın vəziyyətinin daha da ağırlaşdığı bildirilib. İddialara əsasən, briqada bu səbəbdən Bakıya hərəkəti davam etdirməkdən imtina edib və qarlı hava şəraitinə baxmayaraq, azyaşlını Şəmkir rayonu ərazisində avtomobildən düşürərək geri qayıdıb.
Hadisədən sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir stasionar postunda xidmət aparan əməkdaşlar vəziyyətə müdaxilə ediblər. Onlar azyaşlını hadisə yerindən götürərək Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırıblar.
Məsələ ilə bağllı TƏBİB-dən (Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzi) açıqlama verilib.
Açıqlamada bildirilir ki, 18 yanvar 2026-cı il tarixində saat 20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək dispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəli sürülüb.
Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq, məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcəkdir.
Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina etmiş, xəbərdarlıqlara baxmayaraq ambulansı məcburi şəkildə saxlayaraq xəstəni ambulasdan götürərək DYP patrul avtomobili ilə Gəncə istiqamətində aparıblar.
Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.
