Məlum olduğu kimi, hazırda ölkədə koronovirus səbəbindən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi martın 3-dən etibarən (martın 27-dək) müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar orta məktəb şagirdləri üçün itirilən dərs saatlarının bərpası məqsədilə martın 11-dən etibarən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

Bəs görəsən, mövcud problemlə bağlı hazırlıq kurslarında vəziyyət necədir?
KONKRET.az–a məsələ ilə bağlı açıqlamasında “Unikal” kurslarının həmtəsisçisi, “Damla” nəşriyyatının direktoru Kamil Məmmədov bunları bildirib:
– Məlumdur ki, hazırda ölkəmizdə virusun yayılmasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir. Bu tədbirlərdən biri də təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılmasıdır. “Unikal” kursları olaraq vətəndaşlarımızın sağlamlığını biz də hər şeydən üstün tuturuq. Odur ki, bütün şöbələrimizdə lazımi dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər aparılıb.
Kurslarımızda təlim və tədrisin hazırkı vəziyyətinə gəlincə, qeyd edim ki, “Unikal” kursları beş şöbəsi ilə fəaliyyət göstərməkdədir. Və şöbələrimizdə yüzlərlə dinləyiciyə müxtəlif istiqamətlərdə xidmətlər göstərilir. Nazirlər Kabinetinin məlum qərarından sonra kurslarımızda dinləyicilərin tələbi əsasında təlim prosesi fərqli istiqamətdə təşkil edilərək distant (online) təhsil sisteminə keçilib. Hazırda kursumuzun dinləyicilərinə müxtəlif internet proqramları və sosial şəbəkələr vasitəsi ilə online xidmət göstərməkdəyik. Düzdür, bu, texniki və maddi baxımdan asan deyil. Lakin bizim üçün dinləyicilərimizin uğuru, onların imtahana layiqincə hazırlaşması ən əhəmiyyətli məsələ olduğundan bütün texniki və maddi qüvvəmizi bu istiqamətə cəmləmişik. Xüsusən də IX və XI sinif şagirdlərinin məsuliyyəti daha böyük olduğundan onların təhsil prosesindən geri qalmaması üçün xüsusi tədbirlər planı hazırlamışıq. Əslində, biz mart ayına qədər qarşımıza qoyduğumuz bütün illik təhsil proqramını başa vurmuşduq. Və hazırda mövzuların təkrar və müxtəlif test modelləri ilə işləmə prosesi aparılmaqdadır.
Bütün bunlara baxmayaraq, fikrimcə, koronavirusla mübarizə istiqamətində təhsil müəssisələrində təhsil, təlim-tərbiyə işinin dayandırılmasının mənfi nəticəsi də olacaq. Belə ki, heç bir distant təhsil müəllimlə fiziki olaraq qarşı-qarşıya oturmaqla qazanılmış biliyin yerini doldura bilməz. Bu baxımdan deyə bilərəm ki, bu hadisə cari ildə ali məktəblərə qəbul imtahanı ballarına da təsirsiz ötüşməyəcək.

“Zəfər” kurslarının Neftçilər filialının müdiri Fuad Məhərrəmov da hesab edir ki, epidemiya ilə əlaqədar tədrisin dayandırılaraq onlayn üzərindən həyata keçirilməsi müəyyən çatışmazlıqlar yaradacaq:
– Qeyd edim ki, biz “Zəfər” kursları olaraq bütün təhsil müəssisələrində olduğu kimi, martın 3-dən etibarən tədrisi müvəqqəti dayandırmışdıq. Və proses ikinci müddətə uzadıldığından artıq qərar vermişik ki, sabahdan etibarən onlayn dərslərə start verək. Doğrudur, belə bir tədris yüzdəyüz qarşı-qarşıya olan təhsilin effektini verməsə də, hesab edirəm ki, bu forma şagirdlərin prosesdən ən az itki ilə çıxmasına səbəb olacaq. Nəzərə alsaq ki, IX və XI sinif şagirdləri buraxılış imtahanlarına hazırlaşır və imtahanlar da yəqin ki, yaxın zamanda keçiriləcək, onda tədrisin belə bir şəkildə aparılması olduqca zəruridir.
O ki qaldı prosesin ballara təsiri məsələsinə, hesab edirəm ki, bu, müəyyən çətinliklər yaradacaq, yəni şagirdlərin və abituriyentlərin ballarına az da olsa, mənfi təsirini göstərəcək. Baxın, müxtəlif şagird tipləri – normal güclü, orta və zəif şagirdlər var. Və zəif şagirdlər üz-üzə təhsildə belə çətinliklə qavrayırlar. Bu tiplərə istər-istəməz təsir edəcək.
Bununla belə hesab edirəm ki, bu, dünyamiqyaslı problem olduğundan insanlarımız mütləq ehtiyatlı olmalıdırlar. Doğrudur, təhsil bizim üçün çox önəmlidir, amma səhhətimiz, sağlamlığımız hər şeydən önəmlidir. Və mən şübhə etmirəm ki, aidiyyəti orqanlar bu məsələlərlə bağlı ciddi iş aparırlar. Və artıq tədris ilinin sonuna az qaldığından yəqin ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) problemdən belə demək mümkünsə, az ziyanla qurtulmaq üçün müəyyən addımlar atacaq. Bu baxımdan mən imtahan suallarına tədris edilməyən mövzulardan çox da salınmamasının məqsədəuyğunluğunu önə cəkərdim ki, bu, bir qədər şagirdlərin nəticələrinə müsbət təsir etmiş olar.
İmtahan müddətinin uzadılması haqqında fikirlər də səsləndirilir ki, yəqin bununla bağlı da tezliklə qəti qərar veriləcək.
Hazırladı: Sevinc Paşayeva
P.S. Qeyd edək ki, yazı çapa hazırlandığı müddətdə DİM imtahanların təxirə salınması ilə bağlı məlumat yaydı. Məlumatda deyilir ki, aprelin 5-i, 12-si və 19-da orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi, martın 16 -sı və aprelin 14-də isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulduğu halda, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib. Və keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən edilərək, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
