Müasir dövrdə insanların telefonlarında minlərlə şəkil və video toplanır. Maraqlıdır ki, onların əksəriyyətinə sonradan bir daha baxılmır. Buna baxmayaraq, həmin faylları silmək bir çox insan üçün çətin olur.
Bəs bunun psixoloji səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanların şəkil və videoları silməkdə tərəddüd etməsinin əsas səbəbi itirmək qorxusudur.

Onun sözlərinə görə, insanlar əslində yalnız görüntüləri deyil, həmin anın yaratdığı hissləri, emosiyaları və həyatlarının müəyyən bir dövrünü qorumağa çalışırlar.
“Bir görüntünü silmək bəzən sadəcə faylı silmək kimi qəbul edilmir. Sanki o ana, o insana və ya keçmişdəki özümüzə aid bir parçanı itirmək kimi hiss olunur. İnsan yaddaşı seçicidir. Zaman keçdikcə bəzi detallar unudulur, bəzi hisslər zəifləyir. Telefon isə bizə bir növ xarici yaddaş təqdim edir və unutmaqdan qorunduğumuz hissini yaradır”, – deyə psixoloq vurğulayıb.
R.Nəcəfov qeyd edib ki, telefonlarda toplanan minlərlə şəkil və video arasında həqiqətən dəyərli olanları seçmək insan beynindən əlavə zehni enerji tələb edir.
“Saxladığımız hər görüntü eyni emosional dəyərə malik deyil. Bəziləri sadəcə məlumat kimi qalır, bəziləri isə kim olduğumuzu, nələr yaşadığımızı və hansı anların bizim üçün önəmli olduğunu xatırladan simvollara çevrilir”, – deyə o, bildirib.
Psixoloqun fikrincə, insanın əsas ehtiyacı hər şeyi qorumaq deyil, həyat hekayəsində həqiqətən önəm daşıyan məqamları müəyyənləşdirə bilməkdir.
“Çoxluq hər zaman yaddaşı zənginləşdirmir. Bəzən əksinə, ən qiymətli anların təsirini zəiflədə bilir. Məsələ şəkillərin və videoların sayında deyil. Əsas olan onların arasında bizim üçün həqiqətən mənalı olanı görə bilməkdir. Çünki xatirələri yaşadan onların sayı deyil, bizdə oyatdığı hiss və daşıdığı mənadır”.
Aynurə İsmayıl
KONKRET.az
