“Tofiq Yaqublu ilə bağlı Əfv Komissiyasına müraciət olunarsa, əfv edilə bilər, hələ ki…” – Fazil Mustafabackend

“Tofiq Yaqublu ilə bağlı Əfv Komissiyasına müraciət olunarsa, əfv edilə bilər, hələ ki...” - Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

KONKRET.az onunla müsahibəni təqdim edirik:

– Fazil bəy, Azərbaycan parlament nümayəndə heyəti Türkiyədə səfərdə oldu. Bu səfərin iki dövlət arasında əlaqələrin inkişafına, parlamentlərarası münasibətlərin əhəmiyyətinə təsirini necə qiymətləndirirsiniz?

– İki ölkə arasındakı qarşılıqlı səfərlər artıq ənənə xarakteri daşıyır. Türkiyə Böyük Millət Məclisinin sədri də ilk səfərini Azərbaycana reallaşdırıb. Eyni zamanda Azərbaycan parlamentinin sədri Sahibə Qafarova da ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Bu, iki ölkə arasında bir-birinə qarşı bir qardaşlıq jestləridir. Paralel olaraq hər iki dövlətin qarşılıqlı münasibətinin də bir göstəricisi hesab edilir. Bu kimi səfərlərdə yeni bir situasiyadan daha çox ənənənin icra edilməsi əsas idi. Bütövlükdə səfərin faydası olduqca böyük oldu. Hər iki ölkənin kritik dövr yaşadığı bir halda bu məsələlərin birlikdə müzakirəsi qarşılıqlı maraqlara uyğundur. Eyni zamanda qarşılıqlı əlaqələr qardaşlıq dəstəyi xarakteri daşıyır. Bu baxımdan səfərin ən böyük əhəmiyyəti məhz qarşılıqlı son prosesləri müzakirə etmək üçün mühüm bir fürsət kimi qiymətləndirilir.

– Ermənistanın Tovuz istiqamətində təxribatı fonunda Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması məsələsi gündəmə gəlib. Hazırkı dönəmdə bunun reallaşması mümkün görünürmü?

– Hazırda bu məsələlər ətrafında müzakirələr aparılır və istəklərlə bağlı fikirlər səslənir. Hələ ki, konkret real bir fakt mövcud deyil. Amma gələcəkdə bu məsələlərin müzakirəsi aparıla bilər. Çünki bu, çox ciddi məsələdir. Ona görə də, mövzu ilə bağlı hələlik sadəcə olaraq fikirlər bildirilir. Türkiyənin sözsüz ki, Azərbaycanla birlikdə əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq müstəvisində də birgə hərbi təlimlər icra edilir.

– Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı təqdirdə regionda güc balansının tarazlaşacağı ilə bağlı fikirlər səslənir…

– Türkiyə ilə Azərbaycan bir-birinə hər zaman dəstək verib. Bundan sonra bu dəstək qarşılıqlı olaraq davam edəcək. Amma konkret baş verməmiş bir fakt və vəziyyətlə bağlı danışmaq düzgün olmaz. Biz çalışmalıyıq ki, bu prosesi Türkiyə ilə birlikdə həll edək. Çünki iki dövlət bir-birinin təhlükəsizliyi üçün nə lazımdırsa, o fədakarlığı etməlidir.

– Ermənistan hazırda işğaldakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma həyata keçirir. İşğalçının bu addımı nəyə hesablanıb?

– Bu məsələdə düşündürücü məqamlar çoxdur. Ermənistan bunu açıq təbliğata çevirməyə çalışır. İşğalçı həm də özünə qarşı da əks təbliğat qurmaqla məşğuldur. Çünki Ermənistan ərazisini öz əhalisi ilə təmin edə bilmir. İşğal etdiyi ərazilərə əhalisini köçürə bilməyən Ermənistan xaricdən bu ərazilərə insanların köçünü təşkil edir. Bu, Ermənistanın özü üçün də heç də müsbət bir durum deyil. Məhz bu faktlardan istifadə etməklə biz Ermənistana qarşı açıq təbliğatdan istifadə etməliyik. Çünki bu addımların atılması olduqca ciddi məsələlərdən xəbər verir. Bununla bağlı cəmiyyətdə də, başqa instansiyalarda da müəyyən müzakirələr aparılmalıdır. Əks halda Ermənistanın bu siyasətini ifşa etmək məsələsində ləngiyə bilərik. Sadəcə olaraq işğalçı bu əməllərinə görə ifşa edilməlidir. Çünki beynəlxalq ictimaiyyət görməlidir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərindən əl çəkmək niyyətində deyil. Bu da münaqişə ilə bağlı aparılan danışıqları mənasızlaşdırır. Azərbaycan bu məsələdə də haqlı mövqeyi daha da üzə çıxır. Beynəlxalq hüququ qoruyacaq mexanizm yoxdursa, onda bizim hərb yolu ilə torpaqlarımızı azad etməkdən başqa çarəmizin qalmadığını da hamı qəbul etməlidir.

– Bu günlərdə Əfv Məsələləri Komissiyasının yeni tərkibi formalaşdı. Siz özünüz də ilk dəfə komissiyada təmsil olunursunuz. Bundan sonra komissiyanın işində hansı dəyişikliklərin, irəliləyişlərin olacağını proqnozlaşdırmaq olar?

– Burada bütün məsələlərə sırf hüquqi müstəvidə baxılmalıdır. Proseslərə siyasi məsələ kimi baxmaq qəbul olunmur. Hüquq nəyi tələb edirsə, ona uyğun da reaksiya verilməlidir. Məhkumun siyasi, qeyri-siyasi mahiyyəti olmur. Konkret cəza müddətini çəkmiş, özünü normal aparmış bütün məhkumlar əfv olunmaq üçün komissiyaya müraciət edə bilir. Onun hansı partiyaya üzv olub-olmaması Əfv Məsələləri Komissiyası üçün heç bir əhəmiyyət daşımır. Əfv inistitutu məhkumun cəzasının müəyyən bir hissəsini çəkdikdən sonra davranışına uyğun dövlət tərəfindən verilən bir cavabdır. Məhkumun siyasi motivi və digər məsələlər arxa planda qalır. Ona görə də bu məsələlərə konkret hüquq müstəvisində baxılır və belə də olmalıdır.

– Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı Komissiyaya müraciət edilib?

-Tofiq Yaqublu ilə bağlı Əfv Komissiyasına müraciət olunacaqsa, ona baxıla və o, əfv oluna bilər. Hələlik onun işi ilə bağlı məsələyə apellyasiya məhkəməsində baxılır. Həmin instansiyada bu məsələ öz həllini tapa bilər. Ümumiyyətlə, bu kimi problemlərin müəyyən dərəcədə dövlət üçün əks kompromat yaradılmasına yol verilməməlidir. Məsələləri şişirdərək bu mərhələyə gətirib çıxarmaq lazım deyil. Bunu edən səlahiyyətli şəxslər hər halda bu barədə düşünməlidirlər. Çünki bu cür addımlar dövlətin imicinə müəyyən dərəcədə mənfi təsir göstərir. Belə presedentlər Azərbaycan əleyhinə olan qüvvələrin istifadə etdiyi bir materiala çevrilir. Biz çalışmalıyıq ki, bu cür hallara yol verməyək.

Artıq Tofiq Yaqublu ilə bağlı apellyasiya məhkəməsinə müraciət edilib. Yuxarı instansiya məhkəməsi bu məsələyə baxıb özü də qərar verə bilər, heç əfvə ehtiyac qalmaz.

  • Omer
    Sentyabr 14, 2020 - 23:25

    Fazil, Tofiq muellim cinayet etmeyibki eff olunsun. Heqiqeti deye bilirsense danis. Neceki ismayil barede heqiqeti danisirsan. Eks halda wus. Tofiq muellim ef yox haqqi subut Eden mudafie lazimdir. Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*