“Tofiq Yaqublunun ölümünü arzu edən anti-milli ünsürlər dövlətimizin imicini zədələməyə çalışırdılar” – DEPUTATbackend

"Tofiq Yaqublunun ölümünü arzu edən anti-milli ünsürlər dövlətimizin imicini zədələməyə çalışırdılar" - DEPUTAT

“Tofiq Yaqublunun ölümünü arzu edən o anti-milli ünsürlər ölkəmizə qarşı ikili siyasət yürüdən beynəlxalq təşkilatların tapşırığı ilə Azərbaycan dövlətinin imicini zədələməyə çalışırdılar”.

Tofiq Yaqublunun bu gün ev dustaqlığına buraxılması ilə bağlı KONKRET.az-a öz fikirlərini bölüşən deputat Cavid Osmanov belə deyib.

Deputat qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması Azərbaycan dövlətinin humanistliyinin bariz nümunəsidir:

“Bir çox ziyalıların və vətəndaşların ölkə rəhbərliyinə müraciəti əsasında bu cür qərarın verilməsi bir daha onu göstərir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Əlbəttə, Tofiq Yaqublunun üzərindən bəzi radikal qüvvələr çalışırdılar ki, şou düzəltsinlər. 17 gün ərzində bir daha Azərbaycan xalqı əmin oldu ki, bu şounu düzəldənlər üçün Tofiq Yaqublunun həyatı və sağlamlığı heç də önəmli deyil. Onların ən çox arzuladığı Tofiq Yaqublunun dünyasını dəyişməsi idi. Bu gün 5-ci kolonun nümayəndələri və xaricdə oturub ölkəmizə və xalqımıza qarşı hər zaman şər böhtan kampaniyası aparanlar, Milli Şuranın üzvləri Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı və digər anti-milli qüvvələr ermənilərə və ölkəmizin uğurlarını qəbul etməyən beynəlxalq təşkilatlara xidmət edirlər. Tofiq Yaqublunun həyatı onları maraqlandırmırdı. Birmənalı olaraq Tofiq Yaqublunu aclıq aksiyasını davam etdirməyə səsləyirdilər. Əgər onlar Tofiq Yaqublu ilə partiya yoldaşıdırsa, istənilən halda onun aclıq aksiyasını dayandırması üçün çalışardılar. Onlar üçün Tofiq Yaqublunun həyatı heç də maraqlı deyildi. Tofiq Yaqublunun üzərindən qurulmuş bu senari və şou, Azərbaycan dövlətinə qarşı qurulmuş oyun, xüsusilə də Əli Kərimlinin mitinq çağırışı əlbəttə, qəbuledilməzdir”.

Cavid Osmanov daha sonra bunları vurğulayıb ki, Azərbaycan hüquqi və dünyəvi dövlət olduğu üçün hər bir məsələ qanun çərçivəsində həll edilir: “Məhkəmənin qəbul etdiyi qərar tam qanuna uyğundur. Əlbəttə, bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycanla təhdid və şantajla danışa bilməz. Digər təcübləndirən məsələ Tofiq Yaqublunun qızı Nigar Həzinin atasını aclıq aksiyasını dayandırmağa çağırmaq əvəzinə, ona bir az da qərarından dönməməsi üçün təsir etməsidir. Təbii ki, bu da qəbuledilməzdir. Görünür ki, Əli Kərimli və onun kimilərin niyyətlərini həyata keçirmək üçün Tofiq Yaqublunun üzərindən hansısa beynəlxalq təşkilatlardan aldıqları vəsait olub. Tofiq Yaqublunun ölümünü arzu edən o anti-milli ünsürlər ölkəmizə qarşı ikili siyasət yürüdən beynəlxalq təşkilatların tapşırığı ilə Azərbaycan dövlətinin imicini zədələməyə çalışırdılar. Azərbaycan dövləti müstəqildir. Cənab Prezident İlham Əliyev müstəqil siyasət yürüdür. Ölkəmizdə hər bir məsələ hüquq çərçivəsində öz həllini tapır”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*