“Torpaq olsa, verərəm və vergimi yığaram” – Bələdiyyə sədrindən vətəndaş şikayətinə REAKSİYAbackend

"Torpaq olsa, verərəm və vergimi yığaram" - Bələdiyyə sədrindən vətəndaş şikayətinə REAKSİYA

Kürdəmirin Mollakənd kənd sakini Rauf Həsənov bələdiyyənin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir. Bu barədə KONKRET.az-ın redaksiyasına ünvanladığı müraciətdə şikayətçi özü bildirib. Onun sözlərinə görə, quşçuluq təsərrüfatı ilə məşğuldur və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün uzun zamandır Mollakənd kənd bələdiyyəsindən torpaq sahəsi almağa çalışır. Lakin bələdiyyə sədri Rauf Həsənovun müraciətlərinə müsbət cavab verməyərək torpaq sahəsi ayırmaqdan imtina edir: “Üç il öncə kənd bələdiyyəsinin sədri işləyən Nofəl Qasımova müraciət etmişəm. Lakin heç bir əməli tədbir görməyib. Bir il öncə isə yeni bələdiyyə sədri seçilən Ağamir Həsənova müraciət ünvanlamışam. O da mənim müraciətimə cavab verməyib və torpaq ayırmayıb. Şifahi şəkildə kənddə torpaq sahəsi olmadığını bildirib. Amma qanunla mənə sahibkar kimi torpaq ayırmalıdırlar”.

Şikayətçi bələdiyyənin onu incitdiyini vurğulayıb: “Dəfələrlə əkin və ya tikinti üçün torpaq sahəsi ayrılmasını xahiş etmişəm. Hətta bununla bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə də müraciət ünvanlamışam. Bunun əsasında icra hakimiyyəti bələdiyyənin nümayəndəsini çağıraraq torpaq ayrılmasını tapşırıb. Lakin bələdiyyə yararlı torpaq sahəsi olmadığını bildirib və beləcə məsələ bağlanıb. Hərçənd kənddə torpaq sahələri mövcuddur. Hətta torpaqları kənar rayonlardan və ya Bakıdan gələn şəxslərə satırlar. Örüş yeri kimi ayrılan torpaqları əkin və tikinti üçün də istifadə edirlər. Lakin bələdiyyə bütün bu qanunsuzluqlara göz yumur”.

Rauf Həsənovun səsləndirdiyi iddialarla bağlı Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri Ağamir Həsənovla əlaqə saxladıq. Bələdiyyə sədri bildirdi ki, Rauf Həsənov icra başçısının qəbulunda olub və əkinə yararlı torpaq sahəsi istəyir. Amma elektron xəritə olmasa əkinə yararlı torpaq sahəsinin hansı ərazilərdə qaldığını bilmək mümkün deyil: “Ərazilərin satılması ilə bağlı iddiaya gəlincə deyə bilərəm ki, mən bələdiyyə sədri seçiləndən kənddə bir hektar da torpaq sahəsi verməmişəm. Məndən öncə, yəni Azərbaycanda bələdiyyələr yaradılandan indiyədək kimlərəsə torpaq sahələri ayrıla bilər. Hansı ki, həmin şəxslər də sahibkardır və indiyədək onlara ayrılan torpaq sahələrindən istifadə edirlər. Məndən öncəki vaxtlarda kənar bölgədən gələn şəxslərə torpaq verilib. Amma hazırda bələdiyyə sədri olaraq heç kimə torpaq satmamışam”.

Bələdiyyə sədri kənddə torpaq sahəsinin az olduğunu da gizlətməyib: “Hər vətəndaşa 32 sot pay torpağı düşür. Yalnız elektron xəritə tərtib edildikdən sonra əkin üçün yararlı torpaq sahəsinin hansısa ərazilərdə qalıb-qalmadığını bilmək mümkün olacaq. Elektron xəritə əksər rayonlarda tərtib edilib. Yəqin ki, Kürdəmirdə də yaxın günlərdə hazırlanacaq. Yalnız bundan sonra vətəndaşa torpaq verilməsi məsələsinə baxıla bilər. Bu gün örüş təyinatlı torpağı əkməyə icazə yoxdur. Əvvəllər bu cür məsələlərə göz yumula bilərdi. Amma indi mümkün deyil. Hazırda torpağı təyinatı üzrə istifadə etməyən şəxsləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Kürdəmir Rayon Şöbəsi cərimələyir. Həmin vətəndaşa örüş təyinatlı bir hektar torpaq sahəsi ayrılmasına baxmayaraq Rauf Həsənov çıxarışı götürmür və 2 hektar ərazi istəyir. Əkin təyinatlı torpaq isə yoxdur. Bələdiyyənin işi vergi yığmaqdır. Əgər torpaq olsa verərəm və vergimi yığaram”.

Ümid edirik ki, tezliklə elektron xəritə hazırlanacaq və Rauf Həsənovun problemi də öz müsbət həllini tapacaq. Dövlət başçısının sahibkarlara xüsusi diqqət və qayğı ilə yanaşdığını nəzərə alsaq, yerlərdəki məmurların bu siyasəti davam etdirməsi mütləqdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*