ABŞ Prezidenti Donald Tramp İranda 2024-cü ilin dekabrından saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verildiyini açıqlayıb.
KONKRET.az bildirir ki, Trampın sözlərinə görə, həmin qadın artıq İranı tərk edib və hazırda təhlükəsiz yerdədir.
“2024-cü ilin dekabrında, ‘Yuxulu Co Bayden”in prezidentliyi dövründə qanunsuz saxlanılan ABŞ vətəndaşının İrandan çıxmasına icazə verildi. O, hazırda təhlükəsiz şəkildə ölkədən kənardadır və vəziyyəti yaxşıdır. İranın bu xoşməramlı addımını ABŞ yüksək qiymətləndirir”, – deyə Tramp bildirib.
Qadının vəkili Cared Genser onun Denə Karari olduğunu açıqlayıb. O, X sosial şəbəkəsində yazıb ki, müvəkkili “uydurma ittihamlarla” saxlanılıb və Tramp administrasiyasının “fövqəladə və fasiləsiz səyləri” olmasaydı, azadlığa çıxması mümkünləşməyəcəkdi.
Vəkilin sözlərinə görə, Karari 2024-cü ildə qohumlarını ziyarət etmək üçün İrana gedib. Həmin vaxtdan etibarən ona ölkəni tərk etmək qadağan olunub. O, daim həbsxanada saxlanılmasa da, pasportları müsadirə edilib və dəfələrlə dindirilib.
The New York Times qəzetinin məlumatına görə, Denə Karari həm ABŞ, həm də İran vətəndaşıdır. O, ailəsini ziyarət edərkən Şiraz şəhərində saxlanılıb.
İran hakimiyyəti Kararini düşmən dövlətlə əməkdaşlıq və casusluqda ittiham edib. Onun vəkili isə bu ittihamların əsassız olduğunu bildirib və təqiblərin ABŞ-da qeydiyyatdan keçmiş, İranda aztəminatlı uşaqlara yardım göstərən “Children of Mehr Foundation” fondunun fəaliyyəti ilə əlaqələndirildiyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
