ABŞ Prezidenti Donald Tramp İspaniyanın yürütdüyü siyasəti sərt şəkildə tənqid edib.
KONKRET.az xəbər verir ki, o, miqrant axını və NATO üzrə müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarına görə Madridə qarşı kəskin açıqlamalar verib.
Tramp bildirib ki, İspaniya mövcud siyasətini davam etdirərsə, ölkə “məhv olacaq”.
“İspaniya viran qalacaq. İspaniya ilə bağlı problemlərim var. Çünki NATO məsələsində özünü yaxşı aparmır və ödəməli olduğu qədər vəsait ödəmir”, – deyə ABŞ lideri bildirib.
ABŞ Prezidenti Şimali Afrikada yerləşən və İspaniyanın muxtar şəhəri olan Seuta ətrafındakı vəziyyətə də toxunub. Tramp bölgədə miqrant axınının geniş miqyas aldığını bildirərək bunu “çox kədərli mənzərə” adlandırıb.
Onun sözlərinə görə, minlərlə insan sərhəddən İspaniya ərazisinə keçməyə çalışır. Tramp belə bir vəziyyəti daha əvvəl heç vaxt görmədiyini deyib.
Donald Tramp daha əvvəl də İspaniyanı müdafiə xərclərinin, onun fikrincə, kifayət qədər olmamasına görə dəfələrlə tənqid edib. Vaşinqtonla Madrid arasında fikir ayrılıqları NATO ölkələrinin hərbi xərclərinin artırılması məsələsinin müzakirəsindən sonra daha da dərinləşib.
Müşviq Tofiqoğlu
KONKRET.az
