ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını və ona İranın neft və qaz obyektlərinə hücumları dayandırmağı tapşırdığını açıqlayıb. Bəs, Trampın Netanyahuya etdiyi xəbərdarlıq Yaxın Şərqdə gərginliyə necə təsir edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Vaşinqtonun bu xəbərdarlığı əslində regionda artan risklərin qarşısını almağa yönəlib:

“ABŞ-ın İsrailə belə mesaj verməsi birbaşa olaraq ərəb ölkələrinə yönələn təzyiqlə bağlıdır. Belə ki, İsrailin İranın enerji infrastrukturuna zərbələri davam etdikcə, Tehran da cavab olaraq ərəb ölkələrindəki neft obyektlərini hədəfə alır. Bu isə regionda zəncirvari təhlükəsizlik riskləri yaradır.
Hazırkı mərhələdə Yaxın Şərqdə gərginliyin əsas mərkəzi məhz enerji sektorudur. ABŞ-ın əsas məqsədi isə bu böhranın qlobal enerji bazarlarına ciddi təsir göstərməsinin qarşısını almaqdır”.
Ekspert qeyd edib ki, regionda baş verən hərbi-siyasi gərginlik artıq dünya bazarında neftin qiymətinin sürətlə artmasına səbəb olur. Bu tendensiya isə qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır və yaxın perspektivdə müsbət heç nə vəd etmir.
“Artıq kifayət qədər ciddi problemlərin yarandığını müşahidə edirik. Gərginliyin artması neft qiymətlərini daha da yüksəldir və bu, ümumi böhranın dərinləşməsinə gətirib çıxarır. Mövcud proseslər Yaxın Şərqdə böyük geosiyasi dəyişikliklərə səbəb ola bilər. İranda prosesləri koordinasiya edən şəxslərin ardıcıl şəkildə zərərsizləşdirilməsi və yüksək vəzifəli şəxslərin hədəfə alınması vəziyyəti daha da gərginləşdirir, – deyə o, əlavə edib.
Politoloq bildirir ki, bu fonda ABŞ-ın təzyiqi nəticəsində İsrailin İranın enerji obyektlərinə zərbələri qismən dayandırması ehtimalı var.
“Lakin bu addımın gərginliyi tam aradan qaldıracağı gözlənilmir.
Vaşinqtonun Tel-Əvivə etdiyi xəbərdarlıq qısamüddətli sabitləşdirmə addımı kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, Yaxın Şərqdə gərginliyin yüksək səviyyədə qalacağı və proseslərin regionun gələcək geosiyasi xəritəsinə ciddi təsir edəcəyi istisna olunmur”.
Aynurə İsmayıl
KONKRET.az
