Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə aparıcı ölkələrin bir araya gəlməsi, liderlər arasında bir sıra vacib dialoqun baş tutması, eləcə də dünyaya mesajların verilməsi “Turan” ideyasının gerçəkləşəcəyinə olan ümidləri daha da artırdı. Sonda isə Səmərqənd Bəyannaməsinin qəbul olunması Türk Dövlətləri Təşkilatının dünyaya verilən ən böyük bərabərlik müsajı kimi dəyərləndirilə bilər. Bəs görəsən bu cür mötəbər tədbirin keçirilməsi “Turan” ideyasının gerçəkləşməsinə nə kimi töhfə verdi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Türk Dövlətləri Təşkilatının güclənməsi, kordinasiya olunması, təşkilat nəzdində ölkələrin əlaqələrinin inkişafı “Turan” ideyasının gerçəkləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəlməsi ilə Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi arasındakı bağlılıq bütün dünyaya bəllidir. Daha əvvəl Azərbaycanla-Özbəkistan arasında “Daşkənd” Bəyannaməsi imzalandı, Qazaxıstan rəhbəri Bakıya səfər etdi. Qazaxıstan və Azərbaycan arasında strateji sənədlər imzalandı. Ardınca Prezident İlham Əliyevin Qırğızıstana səfəri gerçəkləşdi. Qazaxıstan liderinin isə Türkiyəyə səfəri oldu. Beləliklə bütün bu səfərlər Türk Dövlətləri Təşkilatının daha da genişlənməsinə şərait yaratdı”.

Politoloq əlavə edib ki, sonuncu Səmərqənd zirvə görüşündə isə Şimali Kipr türk Cümhuriyyətinin Türkd Dövlətləri Təşkilatına müşahidəçi qismində cəlb edilməsi bir yenilik oldu: “Bu, Şimali Kipr türk Cümhuriyyətinin legitimliyi uğrunda atılan inqilabi addımlardan biridir. Bütün bu addımlar artıq “Turan” ideyasının qəlblərdə deyil, siyasi səhnədə reallığa çevrildiyini göstərir. Türk Dövlətləri Təşkilatının inkişaf etməsi, bu qədər kordinasiya olunması, gələcəkdə ortaq hərbi müdafiə sənayesi sahəsində də hansısa addımlar yaratmaq potensialının ortaya çıxması “Turan” ideyasının reallığa çevrildiyini deməyə əsas verir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az