Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyi yenidən gündəmə gəlib. Ukraynanın Odessa limanından yük daşıyan Ankaraya məxsus gəmiyə dron hücumu nəticəsində iki Türkiyə vətəndaşının yaralanması beynəlxalq diqqəti bu məsələyə cəlb edib.
Ankara ilə Moskva arasında sıx siyasi və iqtisadi əlaqələrin mövcud olduğu şəraitdə bu insident ikitərəfli münasibətlərdə gərginliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Odessa limanında Türkiyəyə məxsus gəmilərin hədəfə alınması ilk belə hadisə deyil.

Məhəmməd Əsədullazadə
“Hesab etmirəm ki, bu hadisə Rusiya–Türkiyə əlaqələrinə mənfi təsir göstərsin. Çünki müharibə zonasında bu kimi halların baş verməsi mümkündür. Tərəflər arasında bu istiqamətdə danışıqlar aparılır və çalışılır ki, bir-birinə qarşı məqsədli addımlar atılmasın”.
Politoloq vurğulayıb ki, Türkiyə Rusiya–Ukrayna müharibəsində balanslı və obyektiv mövqe nümayiş etdirir:
“Rusiya da yaxşı anlayır ki, Türkiyə ilə birbaşa qarşıdurmaya getmək onun maraqlarına uyğun deyil. Buna görə də düşünmürəm ki, Moskva bilərəkdən Türkiyə ilə üz-üzə gəlmək istəsin. Bu hadisə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi təzyiqlərin nəticəsidir. Eyni zamanda Odessa limanına daxil olan və ya oradan çıxan gəmilər üçün təhlükənin artdığını göstərən bir mesaj xarakteri daşıyır. Buna baxmayaraq, baş verənlərin Rusiya–Türkiyə münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm”.
Politoloq hesab edir ki, Ankara və Moskva arasında formalaşmış siyasi və iqtisadi əməkdaşlıq mexanizmləri bu cür hadisələrin ikitərəfli əlaqələrdə dərin böhran yaratmasının qarşısını alır.
Müşviq Tofiqoğlu
KONKRET.az
