Ukrayna heç bir halda öz torpaqlarının Rusiyaya birləşdirilməsinə RAZI DEYİLbackend

Ukrayna heç bir halda öz torpaqlarının Rusiyaya birləşdirilməsinə RAZI DEYİL 

Ukraynada dəhşətli müharibə davam etdikcə vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Öz ərazilərinin suverenliyi uğrunda minlərlə qurban verən Ukrayna xalqı çətin sınaq qarşısında qalıb. Rusiyanın təcavüz siyasətindən əl çəkməməsi isə artıq daxili problemlərə yol açır.

Belə ki, bu günlərdə Xerson Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün müraciət edib. Rusiya tərəfindən təsdiqlənmiş Xerson vilayətinin Mülki-hərbi idarəsi rəhbərinin müavini Kirill Stremousov bildirib ki, guya xersonlular Rusiyanın bir hissəsi olmağa hazır olduqlarını bəyan ediblər. Onun sözlərinə görə, Xersonda heç bir xalq respublikalarının yaradılması nəzərdə tutulmur, region Rusiya Federasiyasının tərkibinə daxil olmağa çalışacaq.

Xerson həqiqətən Rusiyaya birləşdirilə bilərmi? Ukraynanın buna münasibəti necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Xəyal Bəşirli cavablandırıb. O bildirib ki, Xerson Ukraynanın suveren sərhədlərinə daxil olan bir ərazidir:

“Hər bir dövlətin beynəlxalq hüquq çərçivəsində tanınan sərhədləri var. BMT kimi nəhəng təşkilatın üzvü olan dövlətlərin sərhədləri rəsmən tanınır. Beynəlxalq hüquqa əsasən Xerson Ukraynanın ərazisidir. Bir dövlətin ərazisini başqa bir dövlətə birləşməsi referendumla həyata keçirilə bilər. Xerson Ukraynanın suveren sərhədlərinə daxil olan bir ərazidir. Ukrayna qanunvericiliyinə və eləcə də beynəlxalq hüququn tələblərinə görə Xersonun Rusiyaya birləşməsi beynəlxalq hüququn pozulmasıdır. Bu hətta Rusiyanın qanunvericliyinin tələblərinə də uyğun deyil. Ona görə hesab edirəm ki, məsələ ilə bağlı Ukrayna dövlətinin mövqeyi bəlli olacaq. Ukrayna heç bir halda öz torpaqlarının Rusiyaya birləşdirilməsinə razı deyil”.

Politoloqun fikrincə, Rusiya bu qədər itki verdiyi müharibədən nəticəsiz qayıtmaq istəmir:

“Krımın ilhaqından sonra Luqansk və Donetsk respublikalarının müstəqilliyinin tanınmasına Ukrayna etiraz etdi. Bu məsələdə Ukrayna dövlətinin və xalqının mövqeyi kəskin olacaq. Suveren bir dövlətin əraziləri ayrı-ayrı dövlətlərə birləşdirilərsə, dünyada xaos yaranar. Hər kəs bir-birinin ərazisinə iddia edə bilər ki, bu da çox təhlükəli tendensiyadır. Xersonda yaşayan bəzi insanlar Rusiyaya belə bir müraciət edə bilər. Lakin məsələnin bu formada reallaşması mümkün deyil. Bu heç də o demək deyil ki, Xersonda yaşayan bütün vətəndaşlar öz torpaqlarının Rusiyaya birləşməsini istəyir. Bu gün Rusiya-Ukrayna arasında dəhşətli müharibə məhz belə ərazi iddialarına görə gedir. Kreml bu qədər itki verdiyi müharibədən nəticəsiz qayıtmaq istəmir. Bu mənada Xerson və ya digər vilayətlərin Rusiyaya ilhaqı mümkün ola bilər. Amma bu həm Ukraynanın qanunvericiliyinin, həm də beynəlxalq hüququn tələblərinə birmənalı olaraq ziddir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*