Ukrayna, Moldova və Gürcüstan Azərbaycana qarşı vahid cəbhədə birləşir? – ƏTRAFLIbackend

Ukrayna, Moldova və Gürcüstan Azərbaycana qarşı vahid cəbhədə birləşir? - ƏTRAFLI

“Qonşum qonşu olsa kor qızım ərə gedər” – deyib atalarımız. Bir dövlət, bir millət olaraq qonşu sarıdan bizim bəxtimiz heç gətirməyib. Azərbaycanı əhatə edən 5 dövlətdən heç biri ölkəmizə qarşı dürüst olmayıb. Bu gün çoxları zənn edir ki, ən pis qonşumuz ermənidir. Mübahisə eləmirəm. Bəs ən yaxşı qonşumuz kimdir? İnanmıram ki, kimsə bu suala fikirləşmədən cavab versin. Hələ o cavabı da tapsa… Əlqərəz…

Son vaxtlar Azərbaycanın ictimai fikri Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə daha çox diqqət ayırır. Və mən deyərdim ki, bu diqqət həddindən ziyadədir. Bunun nəticəsi olaraq  son vaxtlar regionda baş verən geosiyasi proseslərə diqqətimiz xeyli azalıb. Amma dünya təkcə bizim ətrafımızda fırlanmır. Hər gün yeni çağırışlar,  yeni reallıqlar diqtə olunur, yeni iddiaçılar ortaya çıxır. Ona görə də Qarabağ ətrafında baş verən proseslərlə yanaşı, regionda baş verən prosesləri də eyni həssaslıqla izləməliyik. Çünki doğrudanda regionda çox ciddi proseslər başlayıb. Və çox təəssüf ki, baş verən bəzi ciddi proseslərdən Azərbaycan kənarda tutulur. Məsələn, may ayının 18-də Gürcüstan, Ukrayna və Moldovanın Xarici İşlər nazirləri “üçlər ittifaqı” yaratdıqlarını elan etdilər. Əslində bu təşkilat bu günə qədər mövcud olan GUAM-ın yeni tərkibli formasıdır.  Çox təəssüf ki, bu qurumda Azərbaycan yoxdur. Baxmayaraq ki, uzun illər GUM-dakı hər üç dövlət Azərbaycanı özlərinin dostu deyə tərif ediblər. Amma baş verən son hadisə onu göstərir ki, yaxın qonşumuz Gürcüstan və uzaq dostlarımız olan Moldova ilə Ukrayna bizə qarşı o qədər də səmimi deyillər. Məhz bu qeyri-səmimiliyin nəticəsidir ki, günlərin bir günü digər 3 dövlət yığışır və yeni birlik təsis edirlər. Bununla bağlı dördüncü dövlətə-Azərbaycana xala xətrin qalmasın deyə məlumat belə vermirlər.

Bu isə artıq çox ciddi mətləblərdən xəbər verir.

Birincisi, hər üç ölkə Azərbaycanın GUAM-da müttəfiqləri idi. Yeni GUM-un yaradılması isə o deməkdir ki, artıq GUAM yoxdur. O qurum buraxılıb. Və heç bir səbəb göstərilmədən, bəyanat verilmədən Azərbaycan bu qurumdan kənarda saxlanılıb. Bu isə nə qonşuluğa, nə dostluğa, nə də  siyasi etiket qaydalarına yaraşmır.

İkincisi, GUM-un yaradılması bu dövlətlərin birgə maraqlarının təzahürüdür. Və həmin maraqlar görünür Azərbaycanın yürütdüyü xarici siyasətlə uzlaşmır. Bu uzlaşmamanın da müxtəlif səbəbləri var. Təbi ki, ilk növbədə Rusiya faktoru yada salınmalıdır. Bu gün Azərbaycanla Rusiya arasında son 30 ildə müşahidə olunmayan dostluq və tərəfdaşlıq münasibətləri var. Ancaq Ukrayna, Moldava və Gürcüstan Rusiya ilə soyuq müharibə şəraitindədir. Ona görə də GUM-un təsis edilməsi üzv dövlətlərin bir növ Azərbaycandan “inciklik” əlamətidir. Guya Azərbaycan sona qədər Rusiya ilə düşmən münasibətində qalmalıymış. Nəyə görə? Təbii ki, GUM üzvləri bu suala cavab vermək istəməzlər.

Məsələyə Azərbaycan tərəfi hələlik heç bir münasibət bildirməyib. Ancaq, Rusiya mediası “üçlər ittifaqı”nın yaradılmasını ciddi narahatlıqla qarşılayıb. İddia olunur ki, GUM-un yaradılmasında “Avropaya inteqrasiya” əsl məqsədi pərdələmək üçündür. Bəs əsl məqsəd nədir? Məsələn, “Komsomolskaya pravda” yazır ki, Rusiyanın sərhədlərindəki üç ölkələrin birliyini yaratmaq ABŞ-ın proyektidir. Hər üç ölkədə ərazi münaqişələrinin olduğunu xatırladan nəşr iddia edir ki, ABŞ həmin dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçiməsini istəyir və bu istqamətdə çox fəal iş gedir.

Bəllidir ki, GUM üzvləri bu və ya digər şəkildə Qərbin və ABŞ-ın təsiri altındadır. Və hər 3 dövlət var qüvvələri ilə Avropaya inteqrasiya və NATO-ya üzv olmaq yolunu tutublar. Amma bu dövlətlər unudurlar ki, kasıb və yarımcan dövlətlər heç kimə, o cümlədən, ABŞ və Qərbə lazım deyil. NATO-ya isə heç gərək deyil. Çünki, NATO-nun öz standartları var. Və GUM üzvlərinin hər üçü bu standartlara qətiyyən uyuşmur. Belə deyək ki, GUM üzvləri hələki, duza gedirlər…

Mənə elə gəlir ki, GUM-un təsis edilməsində əsas məqsəd Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən yaranan naratlıqdır. İstər Ukrayna, istər Moldova, istərsə də Gürcüstan regionda yeni güc mərkəzinin yaranmasını istəmir. Bu gün Azərbaycan regionun güclü dövlətləri olan Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq mövqeyindən çıxış edir. Perspektivdə Böyük Turan ideyası var. Və ən maraqlısı da odur ki, Rusiya da ABŞ və Avropanın sanksiyalarından və təzyiqlərindən qurtulmaq üçün bu ideyaya dəstək verir. Hətta Rusiya özünü bu türk dövlətləri birliyində görür. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu yaxınlarda rəsmi şəkildə bəyan etdi ki, “bizim Türk Dövlətləri Birliyinə üzv olmağımızda heç bir problem yoxdur. Çünki Rusiyada 30 milyona yaxın türkdilli insanlar yaşayır”.

Təbii ki, yaranacaq Türk Dövlətləri Birliyi GUM üzvlərinə qətiyyən sərf eləmir. Çünki Ukrayna üçün yaralı Krımdakı tatarlar, Moldovadakı hüquqsuz qaqauzlar və Gürcüstadakı Borçalı elləri gələcəkdə ayağa qalxa bilər. Bu isə hər üç dövlətin dövlət müstəqilliyinə ciddi təhlükə yaradar. Ona görə də Azərbaycanın moderator olduğu TDB-nin yaradılması GUM üzvlərinə maraqlı deyil.

Hələ onu demirəm ki, Gürcüstan Borçalını özü üçün hazır bomba hesab edir. Və son 30 ildə azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması üçün tez-tez təxribatlara əl atırlar. Sonuncu təxribat hadisəsi isə ötən həftə Dmanisi rayonunda baş verdi.

Bütün bu deyilənlərdən belə bir nəticə hasil olur ki, GUM dolayısı ilə Azərbaycana qarşı yaradılan bir qurumdur. Bu qurumun nə qədər effektiv fəaliyyət göstərəcəyini isə zaman göstərəcək.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*