Ukrayna Rusiyanın Krasnodar şəhərinə HÜCUM ETDİ – VİDEObackend

Ukrayna Rusiyanın Krasnodar şəhərinə HÜCUM ETDİ - VİDEO

Ukrayna Rusiyanın Krasnodar şəhərinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, mayın 26-na keçən gecə pilotsuz təyyarələr Krasnodara hücum edib.

Regional operativ qərargahın məlumatına görə, partlayışlardan biri yerli vaxtla saat 4:17-də şəhərin mərkəzində yerləşən Morskaya küçəsi yaxınlığında baş verib.

Şəhər meri Yevgeni Naumovun sözlərinə görə, hadisə nəticəsində inzibati binanın şüşələri sınıb, yaxınlıqdakı fərdi yaşayış evinin dam örtüyü zədələnib. Qarajnaya küçəsində yerləşən 5 mərtəbəli binanın pəncərələri də qismən sınıb. Heç kimin xəsarət almadığı bildirilir.

Yerli sakinlər iddia edirlər ki, onlar əvvəlcə səmada yüksək səs, sonra isə iki partlayış eşidiblər.

Partlayışlar arasında vaxt təxminən 12 dəqiqə olub. Pilotsuz təyyarələrdən ən azı biri vurulub.

Hazırda təhlükəsizlik qüvvələri hadisə yerindədir. Qeyd olunur ki, pilotsuz təyyarələr üçün ehtimal olunan hədəf Morskaya küçəsindəki mobil qüllə ola bilər.

Rəsmi olaraq, dronlarla versiya hələ regional əməliyyat qərargahında təsdiqlənməyib. Partlayışın səbəbi də açıqlanmayıb.

Qeyd edək ki, əvvəllər Krasnodar dron hücumlarına məruz qalmırdı. Zərbələrin hədəfi Krasnodar diyarındakı İlski neft emalı zavodu olub. Mayın 4-də və 5-də hücuma məruz qalıb.

İkinci dron reydindən sonra neft emalı zavodunda yanğın baş verib. Daha sonra zavodda üç partlayış olub. Tanklardan biri məhv edilib, ikincisi isə alışıb. Ölən və yaralananlar olmayıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, neft emalı zavodunda yanğın sahəsi 400 kv.m olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*