“Türkiyənin beşinci nəsil qırıcısının hazırlanmasında iştirak edən Ukrayna onu almağı planlaşdırır”.
KONKRET.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.
Diplomat bildirib ki, KAAN-ın F-35 və F-22 ilə rəqabət aparmaq üçün potensialının olduğuna inanır. “Bu, gələcəyin hekayəsidir. Bunu uğur hekayəsinə çevirə bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən birinə çevriləcəyik”.
Onun sözlərinə görə, Ukrayna şirkətləri konsorsiumunun KAAN qırıcısı üçün mühərrikin hazırlanmasında iştirak etməsi ilə bağlı danışıqlar Rusiya-Ukrayna arasında tammiqyaslı münaqişədən əvvəl başlayıb.
Bundan öncə Niderland, Belçika və Danimarka onlarla qırıcını Ukraynaya verməyi vəd etmişdilər. İlk ukraynalı pilotlar 2023-cü ilin sonunda Böyük Britaniyada təlimin birinci mərhələsini başa vurublar.
Dörd ildən sonra türk qırıcısının kütləvi istehsalının başlanması planlaşdırılır. Moskva Kiyevə silah tədarükünü pisləyir.
Xatirə SADİQ,
KONKRET.az
