Ukraynada rus ordusu tərəfindən dinc əhalinin öldürülməsi soyqırım kimi tanınacaq.
KONKRET.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Kiyev vilayətinin Buça şəhərində mətbuata çıxışı zamanı deyib.
“Ətrafda gördükləriniz, onların bu müasir şəhərə etdikləri insanlarla heyvandan da pis rəftar edən Rusiya hərbçilərinə xas xüsusiyyətdir. Bunlar müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırım kimi tanınacaq”, – deyə Prezident deyib.
Onun sözlərinə görə, rus işğalçılarının cinayətlərinə dair çoxlu sübutlar var.
“İnsanların öldürüldüyünə və işgəncələrə məruz qaldığına dair bir milyon sübut var. Bütün bu hadisələr görə, məhkəmə olacaq. Bu, yavaş-yavaş olacaq. Bacardığımız qədər açıq şəkildə təsir edəcəyik. Bütün cinayətkarları tapmaq üçün fasilə verməyəcəyik. Siz də bilirsiniz ki, bu, sivilizasiyanın xeyrinədir, əgər biz sivil çıxış yolu tapmasaq, bizim adamları tanıyırsınız, onlar sivil çıxış yolu tapacaqlar”, – deyə dövlət başçısı vurğulayıb.
Bundan əvvəl Avropa İttifaqının Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi cinayətlərini sənədləşdirmək üçün Ukraynaya müstəntiqlər göndərməyə hazır olduğu məlum olub.
Xuraman Etibarlı,
KONKRET.az
