“Ukraynadakı səfirliyimizin vurulması təsadüf deyil” – SENSASİON MƏQAMLARbackend

"Ukraynadakı səfirliyimizin vurulması təsadüf deyil" - SENSASİON MƏQAMLAR

Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına, daha sonra isə birbaşa səfirliyin ərazisinə düşən “İsgəndər” tipli raket hadisəsi ciddi narahatlıq yaradıb.

Maraqlıdır, “İsgəndər” kimi dəqiq raketlərin səfirlik kimi müəyyən edilmiş koordinatlara düşməsi təsadüfdür, yoxsa bilərəkdən atılan addım?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu cür dəqiqliyi ilə tanınan raketin diplomatik nümayəndəliyə tuş gəlməsi “təsadüf” kimi təqdim edilə bilməz.

Üzeyir Cəfərov

Üzeyir Cəfərovun sözlərinə görə, “İsgəndər” kimi illərlə Rusiya tərəfindən istifadə olunan yüksək dəqiqlikli raketin ardıcıl olaraq səfirlik ərazisini hədəfə alması rəsmi Moskvanın vəziyyətinin nə qədər acınacaqlı olduğunu göstərir:

“Rusiya tərəfi dünən axşam verdiyi açıqlamada bu kimi halların “ola biləcəyini” deyir. Niyə olmalıdır? Bu raketlər təsadüfən hara gəldi düşmür. Səfirliyə dəyən zərər təsadüfi sayıla bilməz. Əgər təsadüfdürsə, onda Rusiya bu əməli edənləri cəzalandırmalıdır. Amma biz bilirik ki, bundan əvvəl də oxşar hal yaşandı və Rusiya heç bir addım atmadı.”

Ekspert hesab edir ki, Moskvanın bu davranışı Azərbaycanla münasibətlərdə qeyri-səmimiyyətin və riyakarlığın açıq nümunəsidir:

“Bir-iki dəfə təsadüf ola bilər. Amma ardıcıl şəkildə səfirlik binasına zərbə endirilməsi Rusiyanın nə qədər aqressiv və özünü itirmiş durumda olduğunu göstərir. Min bəhanə gətirirlər, özlərini bəraət qazandırmağa çalışırlar. Rusiya heç vaxt Azərbaycana səmimi olmayıb.”

Cəfərov vurğulayıb ki, Azərbaycan tərəfindən Rusiyaya nota təqdim edilməsi tamamilə haqlıdır:

“Rusiya məcbur edilməlidir ki, səfirliyin dəymiş ziyanını tam şəkildə ödəsin və binanı bərpa etsin. Nə vaxtdan səfirlik hərbi hədəf sayılır? Ümumiyyətlə, başqa bir ölkənin diplomatik nümayəndəliyinə raket düşməsi hansı məntiqə sığır?”

Ekspertin fikrincə, baş verənlər Rusiya hərbi sisteminin nə qədər çaşqın və nəzarətsiz vəziyyətdə olduğunun göstəricisidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*