Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) tərkibində fəaliyyət göstərən “Group 13” xüsusi bölməsinin döyüşçüləri avqust ayında işğal altındakı Krımda Rusiya ordusuna məxsus “Bastion” sahil raket kompleksinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, məlumata görə, sözügedən kompleks Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi “Oniks” və “Sirkon” raketlərinin əsas daşıyıcılarından biridir.
Ukrayna tərəfi daha əvvəl də Krımdakı “Bastion” sistemlərinin mövqelərinə zərbələr endirib.
Əməliyyat zamanı, həmçinin Rusiya hərbi qüvvələrinə məxsus iki yanacaqdaşıyan avtomobil və komanda-qərargah maşınının məhv edildiyi bildirilir.
“Bastion” kompleksi mobil sahil müdafiə sistemi olmaqla yanaşı, Rusiya tərəfindən Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirmək üçün istifadə olunur. Kompleksdən buraxılan “Oniks” səsdən sürətli, “Sirkon” isə hipersəsli raket kimi xarakterizə edilir.
Ukrayna tərəfi Krımdakı Rusiya hərbi obyektlərinə zərbələri Moskvanın yarımadadan raket hücumları həyata keçirmək imkanlarını azaltmaq məqsədi daşıyan əməliyyatların bir hissəsi kimi təqdim edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
