Ukrayna televiziyasında “acından ölən” Qarabağla bağlı erməni yalanları ifşa olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın «Pryamoy kanal» telaviziyasının süjetində məlumat verilib.
Ukraynanın xalq deputatı Volodimir Kreydenko Laçın yolunda ekoloji fəalların etirazları nəticəsində Qarabağda “aclıq” olması ilə bağlı növbəti erməni təbliğat nağılını yoxlamadan keçirib. Son zamanlar bu barədə Rusiyanın nəzarətində olan erməni mətbuatında yalan xəbərlər yer almağa başlayıb.
“Bu təbliğatı faş etmək asan oldu. Yerli qida çatdırılma xidmətlərinə zəng edəndə onların heç biri məhsulların çatdırılmasında problemlərdən şikayət etmədi”, – deyə deputat bildirib.
O, Xankəndinin restoranlarında aclıq olmadığını nümayiş etdirmək üçün yemək sifarişləri təşkil edib.
“Biz sosial eksperimenti görə bilərik. İndi fəalların yemək sifariş etdiyi eksperiment YouTube-da geniş yayılıb. Sifariş olunan hər şey var, heç bir humanitar fəlakət yoxdur”, – deyə deputat qeyd edir.
Regionun guya ərzaq çatışmazlığı və enerjiyə qənaətlə bağlı iaşə müəssisələrinin işinə məhdudiyyətlər tətbiq etməyə başlaması barədə məlumatlar da yalandır.
“Araşdırma videosunda görünür ki, Xankəndi şəhərində yerli iaşə müəssisələri hər zövqə uyğun geniş çeşiddə yeməklər təklif edir, vaxt və ziyarətçilərin sayına məhdudiyyət qoymadan işləyir”, – deyə Kreydenko vurğulayıb.
Sonda o da xatırladılıb ki, Azərbaycan Rusiya Federasiyasının regionda vəziyyəti pozmaq cəhdlərinə qarşı çıxır və azad, sivil dünyanın demokratik dəyərləri uğrunda mübarizədə Ukraynanı dəstəkləyir.
Xuraman Etibarlı,
KONKRET.az