Sosial təminat sahəsində ən çox müzakirə olunan mövzulardan biri uşaq pulunun yenidən tətbiqi məsələsidir. Cəmiyyətdə müxtəlif fikirlər səslənsə də, hökumətin mövqeyi və iqtisadçıların yanaşmaları bu istiqamətdə diqqət mərkəzindədir. Maraqlıdır, yaxın gələcəkdə uşaq pulunun verilməsinə baxıla bilərmi?
Mövzu ilə bağlı iqtisadçı professor Elşad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial müdafiə sistemi son illər ərzində ciddi şəkildə inkişaf etdirilib və mühüm nəticələr əldə olunub.

Onun sözlərinə görə, ardıcıl sosial paketlər icra olunub, pensiya təminatında və əməkhaqqı fondunda əhəmiyyətli artımlar baş verib, aktiv məşğulluq siyasəti tətbiq edilir və əmək bazarında şəffaflığın təmin olunması istiqamətində görülən işlər öz müsbət təsirini göstərir. Sosial müdafiə sahəsində rəqəmsal həllərin geniş tətbiqi də prosesi daha effektiv edib.
“Bir sıra şəxslər uşaq pulu ilə bağlı elmi əsaslara söykənməyən fikirlər səsləndirirlər”, – deyən professor qeyd edib ki, universal uşaq pulu sisteminin tətbiqi iqtisadi və sosial baxımdan məqsədəuyğun deyil.
Elşad Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda müvafiq yaş həddinə qədər olan uşaqların təxminən 20 faizindən çoxu faktiki olaraq dövlətin müvafiq sosial dəstək mexanizmlərindən – o cümlədən ünvanlı yardım və digər proqramlardan yararlanırlar. Bu isə əsasən sosial həssas kateqoriyalara aid ailələri əhatə edir və sosial ədalət prinsipinə uyğun mexanizmdir.
Professor hesab edir ki, ünvanlı dəstək universal modeldən daha məqsədəuyğundur:
“Əgər bütün 18 yaşadək uşaqlara uşaq pulu verilsə, dövlət büdcəsinə indiki ünvanlı sosial yardım mexanizmlərinə ayrılan vəsaitdən 2-3 dəfə artıq yük düşəcək. Bu isə mövcud sosial proqramların maliyyələşməsini sual altına salır”.
Elşad Məmmədov vurğulayıb ki, hazırda tətbiq edilən ünvanlı sosial dəstək modeli daha balanslıdır və sosial ədaləti təmin edir. Universal uşaq pulu tətbiq ediləcəyi təqdirdə mövcud sosial yardım proqramlarının gələcəyi risk altına düşə bilər.
Aynurə İsmayıl
KONKRET.az
