Vaksinlər arasında ən etibarlısı hansıdır? – Həkim infeksionistdən açıqlamabackend

Vaksinlər arasında ən etibarlısı hansıdır? - Həkim infeksionistdən açıqlama

Karantin rejiminin yumşalmasının ilk həftəsi bitmək üzrədir. Bəs görəsən, hazırki epidemioloji vəziyyət dəyişə bilərmi? Real nəticələr nə vaxt bilinəcək?

Bu arada Rusiya Tibbi-Biloji Federal Agentliyinin sədr müavini Tatyana Yakovleva bildirib ki, Rusiya COVİD 19-un bütün ştammlarına qarşı effektli olacaq vaskin hazırlayır və artıq iyulda klinik sınaqlara başlanacaq. Bütün ştammlara qarşı effektli peyvənd mümkündürmü?

KONKRET.az xəbər verir ki, iyun ayının 7-dən ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bizimlə söhbətdə həkim-infeksionist İlhamə Abbasova mövzu ilə bağlı bu və digər suallara cavab verib: “Hazırki vəziyyəti dəyərləndirsək, yoluxma sayı çox deyil. Müraciətlər də azdır. Hazırda mən də müşahidə edirəm, insanlar qaydalara əməl edirlər. Məsafə qorunur, maska taxılır. Yalnız metrodan narahatıq, metroda maskadan istifadə olunmalıdır, məsafə mütləq saxlanmalıdır. Çünki sıxlıqdır, havasızlıqdır. Yəni metroda virus sürətlə yayıla bilər”.

Həkim hesab edir ki, virusun bütün ştammlarına qarşı vaksinin olacağı xəbəri bu gün üçün aktual deyil: “Bunlar hamısı deyimlərdi. Hazırda bizim istifadə etdiyimiz ”SinoVac”ın peyvəndi çox effektlidir. Sınanılıb, biz özümüz onun effektini gördük. İki doza vurulub, yoluxanlar reanimasiyaya düşmədilər. Yüngül müalicə ilə sağaldılar. O ki qaldı, Rusiyada olacaq yeni vaksinə, o hələ təsdiqini tapmalıdır. Operativ Qərargahın son brifinqindən sonra insanların vaksinə  münasibəti dəyişib. Bütün müəssisələrdən insanlar göndərilir. Belə davam edərsə, tez bir zamanda vaksinasiya işini də bitirərik”.

Bu yayı da maskada keçirməliyik, çünki...”

İlhamə Abbasova

İ.Abbasova əlavə edib ki, vaksin üçün “Chek-up” müayinə lazım deyil: “Sadəcə, anamnez toplanılır ki, şəxsdə hazırda kəskin bir xəstəlik varmı? Yalnız epileptik xəstəliyi olanlarda ehtiyatlı olmaq lazımdır. Digər xroniki xəstəliklərin heç birində əks göstəriş deyil. Kəskin hallarda, xəstədə ishal, qusma, hərarət, baş ağrısı varsa, özünü pis hiss edirsə, vaksin vurmuruq. Müayinəyə göndəririk, müalicə olunur, bir həftə sonra yenidən vurdura bilər. Bir də bizə son vaxtlar allergik xəstələr çox müraciət edirlər. Allergik xəstənin hazırda heç bir simptomu yoxdursa, vaksinə əks-göstərişi yoxdur. Kimlərə olmaz? İl ərzində dörd dəfə xəstəxanaya düşür, xəstəxana rejimində müalicə alır. O şəxslərə vurmaq olmaz. Digər vaxtda isə, ona qalsa, əhalinin 90 faizinin allergiyası var, onda gərək biz heç kimə vaksin etməyək”.

İnfeksionist “Azərbaycana gətirilən vaksinlərdən hansı daha etibarlıdır” sualına da cavab verib: “”CoronaVac” daha məsləhətlidir. Bu vaksini Ümumdünya Səhiyyə Təşkilatı da qəbul edib. Bütün ölkələrdə sınaqdan uğurla keçib. Virus ştammlarına qarşı effektlidir, həm də ilk olaraq bu vaksinsən başlamışıq, təsirini də görürük. Bu peyvəndin tətbiqindən sonra kütləvi şəkildə yoluxmalar da olmadı. Peyvəndə başlayandan özünüz də şahidi oldunuz ki, yoluxma sayı üzrə rəqəmlər xeyli azaldı. Onu biz də hiss edirik. Misal üçün, gün ərzində 30-40 COVİD xəstəsi müraciət edirdisə, indi 2-5 arası gəlir. Görürük ki, getdikcə azalır. Vaksinin əhəmiyyəti böyükdür”.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, dövlətlər ilin sonunadək-əhalinin azı 30%-ni peyvənd etməlidirlər. O əlavə edib ki,  peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir: “Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, – o bildirib.

Təyyar Eyvazov: "Əhalinin əksər hissəsi peyvənd olunsa, mutasiyaların baş  vermə tezliyi azalacaq"

Təyyar Eyvazov 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə deyib ki, insanlar yay aylarında  arxayınlaşmamalıdırlar: “Hətta havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır. İnfeksiyanın yayılmasının əsas səbəblərindən biri insanların yaxın təmasda olmasıdır. COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur”.

Baş infeksionist qeyd edib ki, qapalı məkanlarda, havalandırma olmayan yerlərdə bir nəfərin xəstə olması daha çox insanın virusa yoluxmasına səbəb olur. O bildirib ki, qış aylarında insanlar daha çox qapalı yerlərdə olduqların üçün yoluxmalar çox olur: “Yay aylarında isə havalandırma olduğu üçün yoluxanların sayı da az olur”.

Baş infeksionist onu da əlavə edib ki, xəstəlik keçirəndən sonra təbii immunitetin nə qədər davam etməsi barədə də dəqiq məlumat yoxdur: “Eyni hal peyvəndlə qazanılmış immunitetə də aiddir. Peyvəndlər fərqli olduğu üçün dəqiq söz demək olmaz”./Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*