ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) azərbaycan əsilli Ceyhun Nəsimi oğlu Aslanovun axtarışlarını davam etdirir.
KONKRET.az Musavat.com-a istinadən bildirir ki, ABŞ hüquq-mühafizə orqanları milyonlarla dollarlıq maliyyə fırıldaqçılığı və beynəlxalq dələduzluq əməllərində ittiham olunan Aslanovun tutulmasına gətirib çıxaracaq dəqiq məlumat qarşılığında 75 min dollar mükafat vəd edir.
Ceyhun Aslanovun adı yalnız maliyyə cinayətləri ilə deyil, həm də ABŞ-nin 2016-cı il prezident seçkilərinə müdaxilə iddiaları ilə bağlı genişmiqyaslı istintaq dosyesində hallanır.
ABŞ Ədliyyə Nazirliyinin və xüsusi prokurorluğun ittihamlarına əsasən, Ceyhun Aslanov Rusiyanın “Internet Research Agency” (“İnternet Tədqiqatları Agentliyi”) strukturunda fəaliyyət göstərən “Translator Project” bölməsinə rəhbərlik edib.
ABŞ istintaq orqanları bu şəbəkənin sosial media platformaları vasitəsilə ictimai rəyi manipulyasiya etməyə, siyasi reklamlar yaymağa və dövlət qurumlarının fəaliyyətinə mane olmağa yönəlmiş fəaliyyətlər həyata keçirdiyini bildirir.
İttihamlar 2016-cı il ABŞ prezident seçkiləri ərəfəsində Rusiya mənşəli müdaxilə kampaniyası ilə əlaqələndirilir.
İstintaq materiallarında Aslanovun əlaqəli olduğu iddia edilən maliyyə mexanizmləri də xüsusi yer tutur. İddialara görə, ABŞ maliyyə sistemini aldatmaq məqsədilə saxta adlar və sənədlərdən istifadə olunaraq Amerika banklarında hesablar açılıb. Həmin hesablar vasitəsilə yüz minlərlə dollar həcmində elektron pul köçürmələri həyata keçirilib.
Fırıldaqçılıq şəbəkəsinin real ABŞ vətəndaşlarının şəxsi məlumatlarını əldə edərək onların adına PayPal və bank hesabları yaratdığı bildirilir. İttihamlara əsasən, bu hesablar sosial şəbəkələrdə siyasi reklamların maliyyələşdirilməsində istifadə olunub. Bu əməllər arasında elektron maliyyə fırıldaqçılığı və ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamları yer alır.
Kolumbiya dairəsi üzrə ABŞ məhkəməsi tərəfindən çıxarıldığı bildirilən həbs orderi əsasında axtarılan Ceyhun Aslanovun müxtəlif ləqəblərdən istifadə etdiyi qeyd olunur. Onun ləqəbləri sırasında – Jayhoon, Dzheyhun, Jeykun, Jeyhun, Djey, Jay, Jay-Z, Robinzone, Friday kimi adlar var.
Ceyhun Aslanovun ingilis və rus dillərində sərbəst danışdığı, Rusiya, Azərbaycan, Gürcüstan, Finlandiya və Bolqarıstanla əlaqələrinin olduğu vurğulanır. FTB onun yeri barədə məlumatı olan şəxsləri rəsmi müraciət kanallarından istifadə etməyə çağırır. Məlumat verən şəxslər ABŞ hüquq-mühafizə orqanlarına və ya ən yaxın ABŞ səfirliyinə müraciət edə bilərlər.
Ceyhun Aslanovun axtarışa verilməsi Azərbaycan ictimaiyyəti üçün də diqqətçəkən məqamdır. Çünki onun barəsində maliyyə fırıldaqçılığı ittihamları ilə yanaşı, söhbət ABŞ-nin seçki prosesinə müdaxilə ilə bağlı ən böyük beynəlxalq istintaq işlərindən birindən gedir.
FTB-nin elan etdiyi 75 min dollarlıq mükafat isə Ceyhun Aslanovun axtarışının miqyasını bir daha gündəmə gətirir.

