“Vaxt gələcək Prezidentin bu cəsarətli fikirləri tarix dərsliklərinə salınacaq” – Nurəddin Mehdiyevbackend

"Vaxt gələcək Prezidentin bu cəsarətli fikirləri tarix dərsliklərinə salınacaq" - Nurəddin Mehdiyev

Nurəddin Mehdiyev: “Vaxt gələcək Prezidentin bu cəsarətli fikirləri tarix dərsliklərinə salınacaq və gənclərimizə acı da olsa, düzgün tarixi – başımıza gələn tarixi ədalətsizlikləri öyrənmək istiqamətində yol göstəricisi olacaq, onlara tarixdən dərs çıxarmağı öyrədəcək.”

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən bir sıra maraqlı məqamlara toxundu, cəmiyyətimiz üçün əhəmiyyətli olan bəzi mesajları da səsləndirdi.

Nurəddin Mehdiyev

KONKRET.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın və “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev Prezidentin çıxışındakı bir neçə məqamı tarixi cəsarət kimi dəyərləndirib. O, məsələ ilə bağlı verdiyi açıqlamada deyib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı nitqində tariximizdə ilk dəfə ötən əsrin əvvəllərində ADR hakimiyyəti tərəfindən qədim yurdumuz İrəvan və digər Azərbaycan torpaqlarının Ermənistana verilməsi və həmin tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması üçün bağışlanmaz güzəştlərin edilməsi haqqında danışdı, ölkə rəhbəri kimi ilk dəfə baş vermiş bu tarixi yanlışlığa siyasi qiymət verdi. Bu bir siyasi və tarixi cəsarət idi. Əslində Prezidentin bu çıxışına qədər doğrudan da, demək olar ki, heç kəs – nə tarixçilər, nə siyasətçilər, nə də siyasi ekspertlər ADR hökuməti tərəfindən İrəvanın ermənilərə güzəşt edilməsi haqqında danışmırdılar, ya da danışmaq istəmirdilər. Sanki ADR hökuməti səhv edə bilməzdi. Bəziləri də baş vermiş hadisənin o dövrün geosiyasi vəziyyəti ilə əlaqələndirərək ADR hökumətinə təzyiqlərin edilməsindən, vəziyyətin çıxılmaz və çətin olmasından bəhs edirlər. Fakt faktlığında qalır ki, 1918-ci il mayın 29 – da Azərbaycan Milli Şurası erməni dövlətinin paytaxtı olması üçün, ermənilərin Azərbaycana ərazi iddilarından əl çəkməsi şərtilə İrəvan şəhərini ermənilərə güzəşt etmişdir. Bununla da Azərbaycan torpağında – keçmiş İrəvan xanlığının ərazisində tarixdə ilk erməni dövləti yaradılmışdı. Bu, düzgün hesablanmamış addım və bağışlanmaz tarixi səhv idi. Ancaq bizim olan, bizimdir”.

Nurəddin Mehdiyev deyir ki, hər kəsə bəllidir ki, İrəvan tarixin heç bir dövründə ermənilərə məxsus olmayıb: “İrəvan şəhəri Qərbi Azərbaycanın ilk inzibati ərazi vahidinin mərkəzi kimi türk – müsəlman əhalisi tərəfindən salınmış bu şəhəri yaradan yerli türk-müsəlman xalqı etnik təmizlənməyə məruz qalmış, tikdiyi abidələr isə yer üzündən silinmişdir. Bu gün bu şəhərdə bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb. Halbuki, alman səyyahı Frants Kaspar Şillinger 18 – ci əsrin əvvəllərində Nürnberqdə çap olunan “Persiyaya və Şərqi Hindistana səyahət” əsərində İrəvan şəhərinin daxilində yalnız Azərbaycan türklərinin yaşadığını qeyd etmişdir. İrəvan şəhəri bütün tarixi dövrlərdə Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Məşhur səyyah və tədqiqatçılardan Jan Tavernye, Jan Şarden, Ceyms Morier, İvan Şopen, Dübua de Monpere, Övliyya Çələbi, qrafinya Praskovya Uvarova, Henri Linç, akademik Nikolay Marr və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.

Məhz 1827 – ci ilin oktyabr ayında İrəvan şəhərinin çar Rusiyasının qoşunları tərəfindən işğalından sonra bu torpaqlarda ermənilərin sayı artmağa başlamışdır”.

Nurəddin Mehdiyev onu da vurğuladı ki, vaxt gələcək Prezidentin bu cəsarətli fikirləri tarix dərsliklərinə salınacaq və gənclərimizə acı da olsa, düzgün tarixi – başımıza gələn tarixi ədalətsizlikləri öyrənmək istiqamətində yol göstəricisi olacaq, onlara tarixdən dərs çıxarmağı öyrədəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarix göstərdi ki, ermənilər öz çirkin ərazi iddilarından nəinki əl çəkmədilər, hətta 1921 – ci ildə rus bolşeviklərin köməyi ilə Zəngəzur mahalını ilhaq etdilər.”

Prezidentin Ermənistana rəhbərlik etmiş şəxslər haqqında fikirləri də maraq doğurub. Onun “keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədəri axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər”-fikirləri isə xüsusilə diqqət çəkir. Nurəddin Mehdiyev deyir ki, bu reallığı Azərbyacan Prezidenti dəfələrlə söyləyib: “Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi, hərbi, iqtisadi aspektlərindən, Ermənistan hakimiyyətinin cinayətkar, terrorçu, faşist və yalan mahiyyətindən, Avropa Şurasının qərəzli yanaşmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün dünyanın özünə hörmət edən beynəlxalq təşkilatları və dövlətləri tərəfindən tanınmasından danışaraq, həm də dünyamız və bölgəmiz haqqında nə qədər dərin biliyə sahib olduğunu da nümayiş etdirdi. Prezident onu da düzgün qeyd edib ki, Ermənistana 2018-ci ilə qədər- 20 il ərzində cinayətkarlar rəhbərlik ediblər. Həmin cinəyatkarların həyata keçirdiyi siyasət nəticəsində Ermənistan əhalisi yoxsul həyat sürür, bu ölkə bütün regional layihələrdən kənarda qalıb. Ermənistanın indiki hakimiyyətin əsl mahiyyəti isə terrorçuluğu və faşizmi dəstəkləməsidir. Belə olmasaydı, bu bölgə tarixinin ən qanlı terrorçularından olan, vaxtilə Qarabağ, Naxçıvan və Zəngəzurda Azərbaycan türklərini kütləvi şəkildə qətlə yetirən, ikinci dünya müharibəsi zamanı Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edən, faşist Almaniyası ilə işbirliyində olan faşist Qaregin Njdeyə indi Yerevan adlanan şəhərdə heykəl qoyulmazdı. Bu gün faşizmi dəstəkləyən Ermənistan rəhbərliyi qınanmaq əvəzinə Qərbin və Şərqin bir sıra ölkələri və dairələri, beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunur, gələcək qanunsuzluqlara həvəsləndirilir. İşğalçı rejimin cəzalandırılmaması, işğal faktına göz yumulması Ermənistan rejimini Qarabağ torpaqlarında Azərbaycan irsinin məhv edilməsi istiqamətində fəaliyyətlərini artırmağa həvəsləndirir. Ancaq Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla ölkədən qovub. Dağlıq Qarabağdakı xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər isə dünyanın aparıcı ölkələri, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatları tərəfindən tanınmayıb”

Nurəddin Mehdiyev onu da vurğuladı ki, Prezident İlham Əliyevin çıxışı onun və Azərbaycan xalqının milli mövqedən və milli maraqlarımızdan bir addım da geri çəkilməyəcəyi və ərazi bütövlüyümüzlə bağlı heç bir güzəşt edilməyəcəyi haqqında dünyaya açıq mesaj idi: “Prezident açıq şəkildə bildirdi ki, biz güclüyük, biz hazırıq, uyğun geosiyasi vəziyyət olan kimi torpaqlarımızı düşməndə qoymayacayıq, hər qarışını azad edəcəyik.

“Qarabağ Azərbaycandır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*