“II Qarabağ savaşının başlamasından bir il keçir. Bu bir il ərzində Azərbaycanın atdığı addımlar və qazandığı zəfər həm regionda, həm də dünyada ciddi siyasi dəyişimlərin yaşanmasına səbəb oldu”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, uzun illərdir dondurulmuş və həm də davam edən münaqişənin bir gün ciddi hərbi toqquşmaya çevriləcəyi şübhəsiz idi və belə də oldu: “Tarixi xronologiyaya nəzər salsaq, 1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə imzalanan atəşkəs müqaviləsindən, 27 sentyabr 2020-ci ilə qədər Azərbaycan tərəfinin hər zaman atəşkəsə sadiq olduğunu, Ermənistanın isə atəşkəsi demək olar ki, hərgün dəfələrlə pozduğunu müşahidə etmişik. Qarabağ probleminin həllində əsas vasitəçi kimi çıxış edən ATƏT-in Minsk Qrupu isə, (ABŞ, Fransa və Rusiya) Vətən müharibəsinə qədər atdığı addımlarla münaqişənin uzanmasına, gərginliyin saxlanılmasına, imkan düşərsə Ermənistanın xeyrinə həll etməyə çalışırdı”.
Politoloq əlavə edib ki, II Qarabağ savaşından öncə dəfələrlə Ermənistan tərəfi ciddi təxribatlara əl atıb və lokal xarakterli silahlı qarşıdurmalar yaşanıb: “2016-cı il aprel döyüşləri həm Ermənistan, həm də Azərbaycan üçün bir neçə məsələni açmış oldu. Ermənistanın heç də deyildiyi kimi yenilməz orduya malik olmadığı sübuta yetirildi, Azərbaycan uzun illərdir güclü və nizami ordu quruculuğunu uğurla həyata keçirdiyini bütün dünyaya göstərdi. Aprel döyüşlərindən sonra ikici böyük lokal toqquşma 2020-ci ilin iyul ayının 12-də Tovuzda baş verdi. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov şəhidlik zirvəsinə yüksəldi. Bu döyüşlərin digər önəmli hadisəsi Azərbaycan Silahlı Qüvvələrinin müharibə başlayarsa hansı hərbi taktiki manevrlərdən istifadə etməli olduğunu nümayiş etdirdi. Nəhayət, II Qarabağ savaşı başlamadan öncə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistan tərəfinin təxribatları artırdığını və bunun nəticəsində regionda yenidən müharibənin alovlanacağını dedi və həyacan siqnalını vermiş oldu. Bu hadisədən qısa müddət sonra Ermənistanın davam edən təxribatı daha da intensivləşdi. Ermənistan tərəfi yeni torpaqlar əldə etmək üçün hücuma keçdi. Bu isə Ermənistan ordusunun sonu oldu. Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan da əks-həmləyə başladı və beləliklə II Qarabağ savaşı tarixə düşdü”.

Samir Hümbətovun sözlərinə görə, 44 gün davam edən II Qarabağ savaşı bir çox vacib məqamlarla yadda qaldı:
1) Bu savaş Azərbaycanın 30 il ərzində həm siyasi, həm iqtisadi, həm də hərbi sahdə ciddi uğurlar qazandığını göstərmiş oldu.
2) Münaqişənin 30 ilə yaxın davam etməsində maraqlı olan bəzi qüvvələr, xüsusilə də Rusiyadakı və İrandakı bəzi dairələr Türkiyənin gücü qarşısında geri addım ataraq II Qarabağ savaşında açıq şəkildə Ermənistana dəstək verə bilmədilər.
3) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində ordumuz inamla irəlilədi və torpaqlarımız işğaldan azad edildi və münaqişənin həllində ciddi uğurlar qazanıldı.
4) Regionda yeni geosiyasi reallıqlar formalaşmağa başladı. Türkiyə artıq seyirici dövlət deyil, eyni zamanda təminatçı ölkə statusu əldə etdi.
Müharibənin başlamasından bəri Türkiyənin, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət Azərbaycanın zəfərə daha inamla addımlamasına şərait yaratdı. Bundan sonra Azərbaycanın regionda əsas rola sahib ölkə olacağı heçkim üçün sirr deyil. İndi növbəti hədəf Zəngəzur dəhlizinin açılmasına və rus “sülhməramlıları”nın Qarabağdan çıxmasına münbit şərait yaratmaqdır. üçün isə kifayət qədər potensial mövcuddur”.
Müşviq Tofiqoğlu
KONKRET.az
