Vətən uğrunda savaşmağın ŞƏHİDLİK BƏDƏLİ – 68 YAŞLI QƏHRƏMANbackend

Vətən uğrunda savaşmağın ŞƏHİDLİK BƏDƏLİ - 68 YAŞLI QƏHRƏMAN

Vətənimizi var edən, Azərbaycanımızı yaşadan öz canlarından keçən şəhidlərimiz və bu yolda ölümlü üz-üzə qalan qazilərimizdir. Belə oğullarımız heç vaxt unudulmayacaq, daim yaddaşlarda məhəbbətlə, dərin ehtiramla anılacaq. Qubadlı rayonundan şəhid olan Bədəl Bədəlov da belə igid oğullarımızdandır.

Bədəl Bəxtiyar oğlu Bədəlov 2 dekabr 1954-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1972-ci ildə Dondarlı Kənd Orta Məktəbini bitirib. Orta məktəbdə oxuduğu illərdə idmanın güləş növü ilə məşğul olub. Dəfələrlə rayon yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib.

KONKRET.az xəbər verir ki, Bədəl 1974-1976-cı illərdə sovet ordusu sıralarında xidmət etdikdən sonra Vətənə qayıdıb. O, Sumqayıt Politexnik Texnikumunu bitirdikdən sonra Sumqayıt Şəhər Elektrik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlayıb. İşlədiyi sahədə kolektivin rəğbətini qazanıb. Bədəl peşakar qaynaqçılıq bacarığına yiyələnməklə Sumqayıtın ictimai-siyasi həyatında yaxından iştirak edərək tanınmış fəallardan biri olub.

 

Birinci Qarabağ müharibəsinin ən ağır illərində Bədəl Vətənin müdaifəsində iştirak etmək qərarına gəlir. Hələ o dövrdə yaşının çox olmasına baxmayaraq, 1993-cü ildə Sumqayıt Şəhər Hərbi Komissarlığına müraciət edərək, könüllü olaraq Milli Ordu sıralarına qəbul olunub. Öz xahişi ilə onu doğma Qubadlı rayonuna göndəriblər. Bədəl Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına taborun tərkibində hərbi xidmətə başlayaraq, rayonun Ermənistanla sərhəd kəndlərinin erməni hücumlarından qorunmasında fədakarlıq göstərib.

İgid döyüşçü Laçın, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə də fəal iştirak edərək erməni canlı qüvvə və texnikasını məh edib. Son döyüşü Ağdamın Güllücə kəndində olub. 1994-cü il yanvarın 6-da həmin kənddə gedən qanlı döyüşdə cəsur döyüşçü igidlik nümunəsi göstərərək ağır yaralı olan bölük komandiri Sahibi güllə və mərmi hədəfindən çıxarmağa cəhd edərkən ömrünün 40-cı ilində düşmən gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb. Məzarı Sumqayıt şəhərindəki “Şəhidlər xiyabanı”ndadır.

İşlədiyi doğma zavodda şəhidimizin abidəsi qoyulub, H.Z.Tağıyev qəsəbəsində yaşadığı binada “Xarirə lövhəsi” vurulub. Ailəli idi. İki oğul, bir qız atası idi. Məkanı uca, məzarı nurlu olsun!

Şəhid Bədəl Bəxtiyar oğlunun xatirəsi sabah saat 10:30-da anılacaq.

Rövşən Murad,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*