“Volkswagen”-in Kaluqadakı zavodu ehtiyat hissələrinin tədarükündə yaranan fasilələr sıbəbindən fəaliyyətini dayandırıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, Almaniyanın “Volkswagen” avtomobil konserninin Kaluqanın Qrabtsevo texnoparkındakı zavodu idxal olunan komponentlərin tədarükündə fasilələr yarandığı üçün işləri dayandırıb:
“Mövcud vəziyyətlə əlaqədar Kaluqada istehsal qeyri-müəyyən müddətə dayandırılıb” – deyə şirkətin vahid informasiya mərkəzindən bildirilib.
Müəssisənin nə vaxt açılacağı məlum deyil. Kaluqadakı “Volkswagen Group” Rus zavodu “Volkswagen Tiguan”, “Volkswagen Polo” və “SKODA RAPID” modellərini istehsal edir. Onun istehsal gücü ildə 225 min avtomobildir. Şirkət həmçinin EA211 seriyalı 1,6 MPI benzin mühərrikləri də istehsal edir.
“Volkswagen”in mətbuat xidmətindən bildirilib ki, hadisələri diqqətlə izləyirlər və mövcud vəziyyətin biznesə təsirini qiymətləndirirlər: “Volkswagen” konserni Ukraynadakı vəziyyətlə bağlı xəbərləri böyük narahatlıqla izləyir. Hərbi əməliyyatların tezliklə dayandırılmasına və diplomatiya yoluna qayıdışa ümid edirik” – deyə konsernin mətbuat xidməti əlavə edib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropa İttifaqı Moskvanın iri sənaye müəssisələri və banklarına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər aviasiya sənayesinə də təsirsiz ötüşməyib. Belə ki, məhdudiyyətlər Rusiya aviaşirkətlərini Avropa təyyarələrindən istifadə imkanından məhrum edir. “Dell” şirkəti Rusiyada avadanlıq satışını dayandırıb. Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi Tim Kukdan “Apple” məhsullarının Rusiyaya tədarükünü dayandırmağı xahiş edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
