Vaşinqtonda Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü noyabrın 20-nə planlaşdırılsa da görüş Azərbaycanın imtinası səbəbindən baş tutmayacaq.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentindəki müzakirələrdə deputat Artur Xaçaturyan bildirib ki, Azərbaycan lazım olanı əldə etdiyindən bu cür görüşlərdə iştirakı lazım bilmir: “Azərbaycan təkcə ABŞ-ın deyil, Avropa İttifaqının vasitəçiliyi ilə də danışıqlardan imtina edir. Onlar Brüsselə də, Qranadaya da getməyiblər, çünki Qərb platformalarında Ermənistandan lazım olanı götürüblər”.
Deputat bildirib ki, Paşinyan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Ermənistanın əl-qolu bağlanıb: “Paşinyan sülh dövründən danışanda bilməlidir ki, heç bir kağız ölkənin təhlükəsizliyinə təminat verə bilməz. İstənilən müharibədən əvvəl sülh dövrünün başlanğıcını xəbər verən sülh müqaviləsi imzalanır. Buna Hitlerə mane olmayan Versal müqaviləsi də sübutdur.
Görün son üç ildə ordumuz nə qədər hərbi təlimlər keçib. Deməli, müharibəyə hazır olmalıyıq. Düzdür, Azərbaycan ordusu da Türkiyə ilə birgə hərbi təlimlərdə iştirak edib. İndi Azərbaycanın məqsədi səkkiz kəndi geri qaytarmaqdır. Biz bəyan edirik ki, Ermənistan ərazisində heç bir anklav ərazi yoxdur və biz bir metr torpaq da Azərbaycana güzəştə getməyəcəyik. Hələ 8 kənddən əlavə Ermənistandan təzminat da istəyirlər. Zəngəzuru Ermənistandan qoparmaq üçün məqam axtarır, Zəngəzur dəhlizinin açılması üçün çalışırlar. Ermənistanı Qərbi Azərbaycan adlandırırlar, Paşinyan isə susur”.
Vəli Həsənov,
KONKRET.az