“Zəfər Günü” Azərbaycanın tarixi qələbəsinin təcəssümüdür. Məhz bu qələbə ölkəmizin beynəlxalq aləmdəki imicini ən pik həddə çatdırdı. Vətən müharibəsindəki şanlı qələbədən sonra Azərbaycanın regionda artan nüfuzu dünya güclərini rəsmi Bakı ilə hesablaşmağa məcbur etdi. Şanlı qələbənin möhtəşəmliyini özündə əks etdirən “Zəfər”Günü”nün elan edilməsi isə bu unudulmaz tarixin hər il bird aha yad edilməsi və gələcək nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Bəs bu böyük qələbə Azərbaycana beynəlxalq səviyyədə nələri qazandırdı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, hər bir xalq üçün özünütəsdiq tarixi mövcuddur. Bizim üçün bu, “Zəfər Günü”dür: “44 günün məntiqi sonluğunda tarixin gedişatını dəyişəcək addımla yadda qaldıq. Digər tərəfdən şanlı qələbə Azərbaycan xalqının və cəmiyyətinin tənəzzüldən-tərəqqiyə keçmə, yəni mənəvi böhrandan qurtulma dönəmi kimi tarixə düşdü. Eyni zamanda daima üstün sayılan erməni siyasətinin iflası baş verdi. Vətən müharibəsindəki qələbə təxminən 200 il ərzindəki işğal tarixinin başa çatması və yenidən xalqdan-millətə çevrilmə prosesində bir əsas rolunu oynadı. Bu şanlı qələbə həm də milli ideologiyanın yaradılması istiqamətində özünütəsdiq mərhələsi kimi qəbul edilə bilər”.

Əziz Əlibəyli deyir ki, şanlı zəfərin Azərbaycan adının qələbə ilə assosiasiya edilməsinə gətirib çıxarması, qonşu ölkələrdə də ciddi təlatümlərə səbəb oldu: “Çünki Qafqazda formalaşan işğal əsaslı regional münasibətlər iflas etdi. Bunun ardınca yeni ölkələr yeni əlaqələr konteksində özünü tapdı. Azərbaycanın əldə etdiyi qələbə region ölkələrinin rollarını dəyişdirdi. İranla yaşananları, Rusiya ilə bağlı baş verən prosesləri buna missal göstərə bilərik. Eyni zamanda beynəlxalq aləmdə Azərbaycanı fərqli mövqeyə çıxaran “5-ci nəsil” müharibə qələbəsi, ardınca müsir dünyanın tanış olduğu hibrid döyüş praktikası və yeni konsepsiyaların elan olunması ( 2026-cı il sosial-iqtisadi inkişaf strategiyası, 2030-cu il milli prioritetlər) keyfiyyətə doğru kəmiyyət dəyişikliyinin baş verməsi ilə nəticələndi. Tarixi qələbədən sonra İşğaldan azad edilən bölgələrdə yeni özünüidarəetməyə cəhd isə keyfiyyətcə yeni mərhələdən xəbər verir. Şübhəsiz ki, biz artıq idarəetmənin dəyişməsinin də şahidi olacağıq. Bir sözlə Şanlı Zəfər sayəsində biz, bu kimi digər məsələlərdə dünyaya nümunə olmağı bacardıq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
