“Əl tutmaq imam Əlidən qalıb” deyib böyüklərimiz.
Odur ki, biz də insanlıq borcu olaraq ehtiyaclı hər bir kəsə yardım etməliyik. Əlbəttə ki, hərəmiz öz bacardığımız səviyyədə…
Elə humanizm prinsipləri üzərində qurulan dünyanın fəlsəfəsi də bundan ibarətdir.

KONKRET.az informasiya portalı olaraq hər zaman ehtiyaclı, bizə öz problemi ilə müraciət edən insanlara yardım göstərməyə çalışmışıq. Bu dəfə də öz ənənəmizə sadiq qalırıq.
Bu dəfə dünyanın bəlasına çevrilən xərçəngdən ( leykoz – qan xərçəngi) əziyyət çəkən 6 yaşlı Axundov Fəhmin Fəqan oğlu humanist və xeyirsevər insanların yardımına möhtacdır. Çünki onu düçar olduğu bəladan Allahın köməyi ilə yalnız xeyirxah və yardımsevər insanlar xilas edə bilər.
2013-cü ildə Qazaxıstanda dünyaya göz açan 6 yaşlı Fəhminin əmisi Famil Axundov saytımıza bildirib ki, onun qardaşı oğlu bu ilin sentyabr ayında 1-ci sinifə qədəm qoyub. Məktəbə getdiyi ilk günlərdən Fəhmin özünü halsız hiss edib.
Öncə uşağa soyuq olduğunu düşünərək, müalicəni bu istiqamətdə aparıblar. Daha sonra pnevmaniyadan şübhələnən ailə uşağı infeksion xəstəliklər üzrə ixtisaslaşan müalicə mərkəzinə yerləşdirib.

Famil Axundovun sözlərinə görə, verilən analizlərin nəticəsindən şübhələnən həkimlər , 6 yaşlı Fəhmini onkoloji xəstəxanaya göndəriblər. Burada verilən analizlərdən sonra Fəhminə kəskin leykoz diaqnozu qoyulub.

4-cü dərəcə leykoz diaqnozu qoyulan Fəhmin üçün həyat öz sərt üzünü çox kiçik yaşlarından göstərib. Kimya terapiya müalicəsi alan 6 yaşlı uşağın halı pisləşsə də, onun sağalması üçün bir işıq, bir ümid yaranıb.
Belə ki, ailənin apardığı araşdırmalardan sonra məlum olub ki, 6 yaşlı Fəhminin xəstəliyinin müalicəsi İsraildə və Türkiyədə həyata keçirilə bilər. Fəhminin əmisi Famil Axundov deyir ki, İsraildə müalicə həddindən artıq baha başa gəldiyindən ailənin ümidi Türkiyəyə qalıb. Həkimlər ilik köçürməsi ilə Fəhminin 90 faiz sağlamlığına qovuşacağına zəmanət verirlər.
Lakin bir tikə çörək pulu qazanmaq üçün vətəndən kənarda yaşayan Fəhminin ailəsinin maddi imkanı, övladınının müalicəsinə kifayət etmir. Çünki atası Fəqan Axundov, taksi sürmək, mühafizəçi işləməklə ailəni çətinliklə dolandırır. Fəhminin xəstəliyinin müalicəsi üçün isə, donor ailə üzvü olacağı təqdirdə 80-100 min dollar məbləğində vəsaitə ehtiyac var.

İndi ailənin ümidi xeyirxah və imkanlı insanlara qalıb. Qazaxıstan, Azərbaycan və Rusiyada açılan bank hesablarına bu günə kimi müəyyən məbləğ yığılıb.
Belə ki, Qazaxıstanda açılan hesaba 3600 dollar, Azərbaycanda isə 2400 AZN vəsait toplanıb. Rusiyada da bank hesablarına vəsait yığılır. Ailə 6 yaşlı Fəhminin sağalması və həmyaşıdları kimi həyatını davam etdirməsi üçün yardımsevər insanlardan kömək istəyir. Gəlin hər birimiz gücümüz çatan məbləği aşağıda göstərilən bank hesablarına köçürməklə, müalicə üçün lazım olan məbləğin yığılmasına köməklik göstərək və balaca Fəhminin həyatda qalmasına vəsilə olaq.
Allah Qurani-Kərimdə buyurur: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən Allah yaxşılıq edənləri sevir.” (Bəqərə surəsi 195)
Müşfiq Tofiqoğlu
Kapital bank:
4169741308811981 Axundov Famil (uşağın əmisi)
“Milli ön” terminalından ödəmə üsulu:
Bank Xidmətləri > Kapital Bank > Kart hesabının artirilmasi > 4169741308811981
Каспи голд Казахстан:
5169497149378956
Ахундов Фаган (папа)
Сбербанк России: 4276670025077446
Джахид Гулиев (дядя)
