İki həftə ərzində həkimlər perinatal mərkəzdə müayinədən keçəcəklər. Səhiyyə şöbəsi digər bölgələrdən olan həmkarlarının köməyinə arxalanır.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Qazaxıstan DİN-ə istinadən xəbər verir ki, Atırauda regional perinatal mərkəzin 28 həkimi istefa məktubu imzalayıb. Ümumilikdə, perinatal mərkəzin 31 həkimi öz istəyi ilə işdən azad edilməsi barədə ərizə veribmiş, sonradan üç həkim ərizəsini geri götürüb.
Regional səhiyyə şöbəsinin müdiri vəzifəsini icra edən Gülnəfiz Tanbayeva saytımıza bildirib ki, “28 nəfərin işdən çıxarılması ilə bağlı əmr artıq imzalanıb, amma onlar noyabr 7-nə qədər işləyəcəklər”. Onun sözlərinə görə, həkimlərin işdən çıxarılması perinatal mərkəzin işinə təsir etməməlidir.
“Digər bölgələrdən olan həmkarlarımızla razılaşmamız var, əgər bizim vilayətin ginekoloji xidmətinə kömək lazım olarsa, onlarla işləyə bilərik. Artıq mütəxəssislər şəhərdə işləyirlər. Başqa qrup həkimlərin gəlməsi də mümkündür”, – deyə Tanbayeva məsələnin nəzarətədə olduğunu vurğulayıb.

Atırau Perinatal Mərkəzində oktyabrın əvvəlində yeni doğulmuş körpə ölmüşdü, bundan sonra oktyabrın 18-də Manşuk Aymurziyeva Atırau vilayətinin səhiyyə şöbəsinin müdiri vəzifəsini tərk etmiş, səhiyyə sektoruna nəzarət edən rayon icra başçısının müavini sərt töhmət almışdı. Körpə ölümündə mərkəzin həkimləri günahlandırılmış və baş həkimi həbs olunmuşdu.