ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatla çıxış ediblər.
KONKRET.az xəbər verir ki, Nyu -Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. Minsk Qrupunun həmsədrləri əvvəlcə xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüblər. Daha sonra isə tərəflərin hamısı birgə masa ətrafında əyləşiblər.
Ancaq deyəsən bu hadisə Minsk Qrupunun həmsədrlərini əməlli-başlı həvəsləndirib. Artıq onlar Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fəaliyyətlərini bərpa etdiklərini düşünməyə başlayıblar. Görünür tərəflər əsasən Qarabağın statusu məsələsini ön plana çıxarmağa çalışırlar. Elə rəsmi İrəvan da bu yanaşma ilə həmrəy olduğunu açıqlayır, lakin Bakı qətiyyətlə status mövzusunu rədd edir. Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ münaqişəsi artıq yoxdur” deməklə, dolayısı ilə Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığına işarə vurur. Üstəlik Prezident Əliyev dəfələrlə “Heç bir status yoxdur və bundan söhbət gedə bilməz” deməklə məsələyə birdəfəlik nöqtə vurub.
Bəs Minsk Qrupunun belə həvəslənməsinə səsbəb olan faktorlar hansılardır?
Sualın cavabı çox bəsitdir. Görünür, həmsədr ölkələr hələ də xəyallar aləmində üzürlər. Belə olmasa idi iki ölkənin xarici işlər nazirlərinin görüşündə əyləşməklə, statuslarının bərpa olunduğunu düşünməzdilər. Görünən odur ki, ATƏT-in Minsk Qrupunun canlanması xarici oyunçuların, ilk növbədə isə həmsədr ölkələrin səyləri ilə əlaqəlidir. İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiyanın ön plana çıxması və atəşkəsin əldə edilməsində həlledici rol oynaması sirr deyil. Üstəlik Rusiya ATƏT -in Minsk qrupunun işindən heç vaxt imtina etməyib və bu mənada Moskva balanslaşdırılmış siyasət həyata keçirib. Həmçinin Minsk Qrupunun fəaliyyəti məsələsində Rusiyanın mövqeyi Fransa və ABŞ–ın fikirləri ilə üst-üstə düşür. Ancaq Azərbaycanın bu məsələdki sərt və dəyişilməz mövqeyi birbaşa ölkə başçısı səviyyəsində açıqlanır. Bu zaman isə bütün xəyallar puç olur. Çünki Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun yalnız tərəflər arasında sülh sazişinin imzalanmasına, regionda həyata keçirilən quruculuq işlərinə və kommunikasiyaların açılmasına töhfə verə biləcəyini açıqlayır. Digər məsələlərdən isə “heç bir halda söhbət gedə bilməz” – deyə vurğulanır.
Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan da, BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı rəsmi İrəvanın davamlı və uzunmüddətli sülhə hazır olduğunu, eləcə də bölgədə kommunikasiyaların açılmasının vacibliyini diqqətə çatdırıb. Beləliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə apardığı danışıqların nə qədər effektiv olacağını demək hələlik çox çətindir. Yalnız proses başlayıb və bu, nikbinlik üçün əsas hesab oluna bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
