“Xəzər” TV-nin canlı efirində yayımlanan “Səni axtarıram” verilişində Xoşqədəm Hidayətqızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini tənqid edib.
KONKRET.AZ xəbər verir ki, kömək üçün efirə gələn uşaqlı qadın həyat hekayəsini danışarkən veriliş boyu göz yaşlarını saxlaya bilməyib. Uşağından vaz keçmədən işləyib balasını saxlamaq istəyən köməksiz ana Xoşqədəmdən sığınacaq istəyib. Bu zaman Xoşqədəm Hidayətqızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini tənqid edib, fəaliyyətindəki çatışmazlıqlarından danışaraq təklif irəli sürüb:
“Açığı, düzünü demək istəyirəm! Bizdə qeyri-hökumət təşkilatlarının yaratdığı qadın sığınacaqları var. Amma bu qadın uşağı ilə birlikdə qalmaq istədiyini deyir. Bu studiyadan dəfələrlə Kəmalə xanımın sığınacağına bəlkə də 5-10 uşaq vermişəm. Amma istəyirəm ki, belə sığınacaqlar dövlətdə olsun. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində sığınacaqlar olarsa, bu qadın və bu qadın kimi işgəncələrə, əzablara məruz qalıb, amma uşağını atmaq istəməyənlərə şərait yaradılar. Yəni, bu olmalıdır! Bəli, bu gün deyəcəksiniz ki, sığınacaq var. Zəng edin nazirliyin sosial sığınacağına, deyin ki, uşağı ilə birlikdə bir ana var və yerləşdirsinlər”.
Məsələyə müdaxilə edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə sosial sığınacaqların bu tip qadınları götürmədiyini bildirib.
“Kəmalə xanım, bu məsələ artıq həll olunmalıdır. Hər gün Xəzər televiziyasının qarşısında onlarla döyülən, işgəncələrə məruz qalan, uşağı qucağında analar görürəm. Nə qədər sizə göndərəcəyəm?! Nə qədər başqa bir sığınacağa göndərəcəyəm?! Türkiyənin iş prinsipini bildiyim üçün deyirəm: orda bələdiyyələrin nəzdində və Ailə Bakanlığında sığınacaqlar var. Artıq bizdə də dövlətin sığınacaqları yaradılmalıdır!
Ana uşağını atmaq istəmir. Mən indi uşağı Kəmalə xanımın yanına göndərəcəm. Sağ olsun, Allah razı olsun,necə lazımdır baxacaq. Necə Uğura, Leylaya və “Səni axtarıram”dan göndərdiyim neçə uşağa baxır, bu uşağa da baxacaq. Amma ananı yerləşdirmək üçün onun mərkəzi balacadır. Ya da biz studiyanı böyüdək, burda qadın da olsun, elə uşaq da… Başqa mən neyləyim?”, – deyə Xoşqədəm bildirib.
Daha sonra Kəmalə Ağazadə “Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sığınacağı var? Məsələn, mən görməmişəm. Deyirlər ki, bizim sığınacağımız var. Mən də bilmək istəyirəm ki, hardadır?” , – sualları ilə komitənin fəaliyyətinə qarşı etirazını bildirib.
Xoşqədəm: “Hardadı, Kəmalə xanım, bilirsinizsə, mənə də deyin? Mən şəxsən yerini bilsəm və ya bilən varsa, mənə zəng eləsin, yerini desin, mən də bu dəqiqə bu qadını ora göndərim”.
KONKRET.AZ verilişdən olan görüntüləri təqdim edir:
Hazırladı: Firuzə ALİMOVA
