Yaponlar xüsusi donuz cinsi yetişdirir – Ürəyini insana köçürəcəklərbackend

Yaponlar xüsusi donuz cinsi yetişdirir – Ürəyini insana köçürəcəklər

Donuzun orqanları insanlara köçürülə bilər.

KONKRET.az xəbər verir ki, tibbdə ilk dəfə olaraq Yaponiyada xüsusi donuz yetişdirilib.

Geni dəyişdirilən bu heyvanların orqanları insanlara köçürülə bilər. Bu barədə Meiji Universitetinin nəzdində fəaliyyət göstərən “PorMedTec” şirkəti məlumat yayıb.

Əvvəlcə ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi – red.) məqsədilə geni dəyişdirilmiş donuzların yetişdirilməsinin müvafiq texnologiyası ABŞ-də yerli biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Yapon mütəxəssislər ABŞ-dən gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.

“Donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. Biz Yaponiyada ksenotransplantasiyanın klinik tətbiqi ilə bağlı müzakirələrin irəliləyişini səbirsizliklə gözləyirik. Biz tədqiqatlarımızı davam etdirəcəyik, eyni zamanda, ilk növbədə, təhlükəsizliyə diqqət yetirəcəyik”, – deyə Meiji Universitetinin professoru və PorMedTec-in direktoru Hiroşi Naqaşima bildirib.

Qeyd edək ki, artıq 2024-cü ildə yapon mütəxəssisləri geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə başlayacaq. Bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələ sayılır.

Yeri gəlmişkən, ABŞ-də 2023-cü ilin payızında geni dəyişdirilmiş donuzun ürəyini ürək çatışmazlığı olan şəxsə köçürülüb. Əməliyyat ona daha 6 həftə yaşamağa imkan verib, nəticədə 58 yaşlı kişi dünyasını dəyişib. Əməliyyatı həyata keçirən Merilend Universitetinin mütəxəssisləri etiraf ediblər ki, köçürülən ürək orqanizm tərəfindən tam qəbul edilməyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*