Yay mövsümündə dəniz kənarında istirahət edənlərin qida seçiminə diqqət yetirməsi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Yüksək temperatur, günəş şüalarının təsiri və fiziki aktivlik orqanizmin daha çox maye və mineral itirməsinə səbəb olduğundan, düzgün qidalanma həm susuzlaşmanın, həm də qida zəhərlənmələrinin qarşısını almaqda mühüm rol oynayır.
Bəs isti havada hansı qidalar təhlükəsiz sayılır, hansılardan isə uzaq durmaq lazımdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, yay aylarında dəniz kənarında qida seçimi həm sağlamlıq, həm də qida təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir.

Onun sözlərinə görə, ilk növbədə gün ərzində kifayət qədər su qəbul edilməlidir:
“Susuzluğu aradan qaldırmaq üçün adi içməli suya üstünlük verilməli, şəkərli qazlı və spirtli içkilərdən isə mümkün qədər uzaq durulmalıdır. Çünki bu içkilər orqanizmin daha çox susuzlaşmasına səbəb ola bilər.
İsti havalarda ağır və yağlı yeməklər əvəzinə yüngül, tez həzm olunan qidalara üstünlük verilməsi məqsədəuyğundur.
Mövsümi meyvə və tərəvəzlər, müxtəlif salatlar, qatıq, ayran, qaynadılmış və ya qızardılmadan bişirilmiş balıq və toyuq əti sağlam seçimlər hesab olunur. Meyvə və tərəvəzlər istifadə edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır.”
F.Səfərovun sözlərinə görə, günəş altında uzun müddət qalan bəzi qidalar ciddi sağlamlıq riski yarada bilər.
“Kremli şirniyyatlar, mayonezli salatlar, açıq şəraitdə satılan qidalar, kifayət qədər soyudulmayan ət, toyuq, balıq və süd məhsullarının istehlakından çəkinmək lazımdır. İsti havada bu məhsullarda mikroorqanizmlər sürətlə çoxalır və qida zəhərlənməsi riski əhəmiyyətli dərəcədə artır.
Yay istirahətinin təhlükəsiz keçməsi üçün qidaların saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirilməli, alış-veriş yalnız etibarlı satış məntəqələrindən edilməlidir.
Bol su qəbul etmək, balanslı qidalanmaq və qida təhlükəsizliyi qaydalarına riayət olunması yay mövsümündə sağlamlığın qorunmasının əsas şərtlərindəndir”.
Aynurə İsmayıl
KONKRET.az
