Avropanın yeraltı qaz anbarlarının (UGS) 81 faizi 2022-ci il yanvarın sonuna artıq boş idi. Yayda tədarük olunan təbii qazın demək olar ki, böyük həcmi istifadə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Qazprom” “Gas Infrastructure Europe” şirkətinin məlumatlarına istinadən xəbər yayıb. Yanvarın 30-na Avropanın yeraltı anbarlarında aktiv qazın həcmi 27,2 faiz və ya 14,2 milyard kubmetr olub. Aktiv, yəni hasilata hazır qazın ümumi həcmi isə 38,1 milyard kubmetrdir.
Bu xəbər çox şeyi izah edir. Axı bu həftə Bakıda Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII görüşü keçirilib. Nəzərinizə çatdırım ki, Cənub Qaz Dəhlizi (Bakı-Tbilisi-Ərzurum), Türkiyə Trans-Anadolu qaz kəmərini (TANAP) və Trans-Adriatik qaz kəmərini (TAP) əhatə edən Nabukko layihəsinin qısaldılmış variantıdır. Bu kəmərlərin istiqaməti isə Cənubi Avropaya yönəlib.

Layihənin təxmini uzunluğu 3500 kilometrdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin artırılmasıdır. Yaxud daha konkret desək, Avropanın Rusiya qazından asılılığını azaltmaqdır. Azərbaycan isə bu məqsədə çatmaqda mühüm rol oynayır.
Bu isə erməniləri çox ciddi narahat edir. Artıq erməni mediasınada Azərbaycan qazının Avropaya nəqli perspektivləri və Avropa İttifaqının (Aİ) rəsmi Bakıya 2 milyard avro ayırması kimi xəbərlər ciddi müzakirə olunur. Ermənilər hesab edir ki, bütün bunlar Rusiyanı ciddi narahat etməlidir. Amma hələ ki, Kremlin Azərbaycana təzyiqinin görünməməsi rəsmi İrəvanı həyəcanlandırır.

Bütün bunların fonunda isə Azərbaycan prezidentinin açıqlamaları ermənilərə sözün əsl mənasında “od qoyur”. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Reallıqda isə bu rəqəm daha artıqdır və rəsmi Bakı müxtəlif layihələr üzərində iş aparır. Artıq müsbətə doğru nəticələr də mövcuddur. Belə ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Avropaya qaz nəqlinin artacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə xüsusən də Azərbaycan tərəfindən müəyyən addımlar atıla bilər.
Əliyevin səsləndirdiyi rəqəmlər və dediyi sözlər Avropa ilə Azərbaycan arasında indiyədək görünməmiş münasibətlərin başlaması üçün kifayət edir. Artıq Avropa İttifaqı Azərbaycana 140 milyon dollar əvəzinə, 2 milyard dollar dəyərində maliyyə yardımı ayırıb.

Ermənilərin fikrincə Avropa İttifaqı artıq Azərbaycana və onun imkanlarına boyun əyib. Azərbaycan təkcə Aİ-dən maliyyə yardımının həcminin əhəmiyyətli dərəcədə artırılmasından yox, həm də İlham Əliyev, Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Nikol Paşinyan arasında görüşün necə keçirilməsindən məmnundur.

Ermənilər hesab edir ki, Azərbaycanın əlindəki təbii qaz resursları əmtəədən çox siyasi ünsürə və rəsmi Bakının uzaqgörən geosiyasi planlarının həlli atributuna çevrilib. Hər bir halda Azərbaycanın xarici siyasətdəki arda-arda uğurlarının düşməni çox ciddi narahat etdiyi açıq görünür. Dövlətimizin hərbi sahədə olduğu kimi, iqtisadi və siyasi sferada da düşməni xeyli qabaqlaması hər bir azərbaycanlını sevindirir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sevinməyə bir o qədər də əsas yoxdur. Avropa Azərbaycandan istədiyini alır, əvəzində baş aldatmaqla məşğuldur. On barmağımızı bal edib ağızlarına sürtsək də yenə həmişəki kimi ermənilərə dəstək verəcəklər