AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Saloniki şəhərində (Yunanıstan) yerləşən Aristotel Universitetinin Fəlsəfə fakültəsinin Tarix və Arxeologiya kafedrasının müasir və ən yeni tarix üzrə professoru, doktor Yakovos Mixailidisin (Iakovos D. Michailidis) iştirakı ilə Yunanıstanda nəşr edilmiş “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli – XX əsrin əvvəli)” (“Institution building and research under foreign domination. Europe and the Black Sea Region, early 19th-early 20th centuries”) adlı məqalə toplusunun təqdimatı keçirilib.
KONKRET.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov tədbir iştirakçılarına yunanıstanlı alim barəsində məlumat verdi. O, xatırlatdı ki, 2018-ci il aprel ayının 21-də Beynəlxalq Ellin Universitetində keçirilmiş Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli – XX əsrin əvvəli)” adlı 2-ci beynəxalq konfransının materialları bu topluda öz əksini tapıb.
Qeyd edək ki, həmin konfransda adı çəkilən Horizon 2020 layihəsinin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Zaur Həsənovun moderatorluğu ilə Azərbaycana həsr olunmuş “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” mövzusunda xüsusi panel təşkil olunmuşdu və paneldə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları – tarix üzrə elmlər doktoru İradə Bağırova, t.ü.f.d. Nərgiz Faiq qızı Axundova və t.ü.f.d. Şamil Rəhmanzadə elmi məruzələrlə çıxış ediblər.
Zaur Həsənov bildirib ki, qeyd edilmiş konfransda azərbaycanlı alimlərin ingilis dilində məqalələri təqdimatı keçirilən elmi materialların toplusunda öz əksini tapıb.
Doktor Y.Mixailidis çıxışında qeyd edib ki, 2018-ci ildə Beynəlxalq Ellin Universitetində keçirilmiş 2-ci beynəlxalq konfransda iştirak etmiş azərbaycanlı alimlərin elmi məruzələri böyük marağa səbəb olmaqla yanaşı, Avropa Birliyini təmsil edən digər konfrans iştirakçılarında Azərbaycanda humanitar və ictimai elmlərin yüksək səviyyəsi barədə təəssürat yaradıb. Doktor Y.Mixailidis, həmçinin, məqalə toplusunun ərsəyə gəlməsində Beynəlxalq Ellin Universitetindəki həmkarı, PhD Giorqos Antoniunun (Giorgos Antoniou) əməyini qeyd edib.
Təqdimatı keçirilən topluda məqalələri dərc edilmiş azərbaycanlı alimlərdən t.ü.f.d. Şamil Rəhmanzadə çıxışında 2018-ci ildə Beynəlxalq Ellin Universitetində keçirilmiş 2-ci beynəlxalq konfransdakı elmi məruzəsi barədə qısa məlumat verib. Ş.Rəhmanzadə bildirib ki, XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanda ictimai şüurun transformasiyası başlayırdı, ənənəvi düşüncə tərzindən Avropa təhsil sisteminin təsiri altında yeni ictimai düşüncə sisteminə keçid formalaşırdı və həmin proseslər barədə müasir dövrdə ən yeni tarixlə məşğul olan Avropa tarixçiləri çox səthi məlumatlıdırlar.
Daha sonra doktor Y.Mixailidis tədbir iştirakçılarının suallarını cavablandırıb.
