Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər ölkəsində birmənalı qarşılanmayıb. Bəzi ekspertlər baş nazirin fikirlərini şərh edir, onu müxtəlif istiqamətlərə yozurlar.
KONKRET.az xəbər verir ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan isə özünün “Facebook” səhifəsində Paşinyanın dediklərinə münasibət bildirib. Paşinyanı satqın adlandıran Zakaryan qeyd edib ki, hazırda Ermənistanı uğursuz adamlar idarə edir:
“Dövlət bu menecerlərə pul xərcləyir, mənasız maaşlar, mükafatlar, qulluq və ezamiyyə xərcləri verir. Onların erməni xalqına deməyə sözü yoxdur. Bəzi vətəndaşlar ola bilsin ki, hələ də onlara ümid edir. Amma onun mətbuat konfransında qeyd etdikləri başdan-başa cəfəngiyatdır. Nikolun mətbuat konfransında dediklərindən sonra aşağıdakıları qeyd etməyi özümə borc bilirəm.
1. Dövlət və cəmiyyət üçün təhlükəsizliyi təmin edəcək həll yolları yoxdur.
2. Büdcəni doldurmaq, yaxın gələcəkdə yeni borclar götürmək üçün vergi və rüsumlar qaldırmalıdırlar.
3. Artıq heç bir xarici siyasət yoxdur və heç bir ölkə Ermənistanı və erməni xalqını ciddi qəbul etmir.
4. Düşmənin tələblərini təvazökarlıqla, itaətkarlıqla yerinə yetirməli, guya mövcud problemləri həll etməliyik. Mən də Azərbaycanın və Türkiyənin tələblərini təbii ki, öz ölkəmiz və xalqımız naminə yerinə yetirirəm.
5. Nikola görə, Ermənistan dövlətinin “gələcəyi” heç nə etməməkdən, iddialı məqsədlərə və milli maraqlara malik olmamaqdadır.
6. Onların çox sevdiyi “keçmiş-indiki” söhbəti artıq Nikola uyğun gəlmir.
Uzun müddət siyasi dairələr, media, sadə insanlar Ermənistan prezidentlərinin dediklərini müzakirə edir, təhlilini aparır, şərh edirlər. Nikolun mətbuat konfransı iki saatdan sonra unudulmuş bir hadisə olacaq və ümumiyyətlə, artıq cəmiyyətin əksər hissəsinin nə hökumətin, nə də onun təmsilçisinin nə dediyinin vecinə olmadığı açıq-aşkar görünür Sorğuda iştirak edən 72 vətəndaşdan 60-nın Nikola heç bir sualı yox idi, çünki artıq ona inanmırlar. Artıq birləşmiş müxalifətin cəmiyyətin gələcəyi, yaranmış vəziyyətdən çıxış yolları, yığılıb qalmış məsələlərin həlli yolları barədə danışmağın vaxtıdır.
Vəli Həsənoğlu,
KONKRET.az